Tarif (qiymət) Şurasının 31 yanvar qərarına görə, fevralın 3-dən metroda və şəhərdaxili avtobus marşrutlarında gediş haqqı 30 qəpikdən 40 qəpiyə qalxır. Şəhərətrafı və qəsəbələr arasında işləyən avtobus marşrutlarında yeni qiymətlər 40 qəpiklə 1 manat arasında dəyişəcək, şəhərlər arası avtobus marşrutlarında tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik olacaq.
Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərə (tariflərə) və xidmət haqlarına məsul orqan olan Tarif Şurasına iqtisadiyyat naziri sədrlik edir.
Novator.az-ın məlumatına görə, artımları şərh edən iqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli yazır ki, ictimai nəqliyyat idarəçiliyində pərakəndəlik var, həm də dövlətin bu sahəyə ayırdığı subsidiyalar bəzi özəl daşıyıcı şirkətlərə çatmır: “Mərkəzləşdirilmiş idarəetmə olmasa, nəqliyyatda problemlər həllini tapmayacaq. “Yeganə çıxış yolu gediş haqqının artırılmasıdır” fikri yanlışdır. Qiymət fərqli olmalı, məsələn, günlük, həftəlik, aylıq, yaxud illik abunəliyə keçid imkanı yaradılmalıdır. Günlük və ya birdəfəlik gedişin qiyməti qalxa bilər, lakin uzunmüddətli bilet üçün ucuz gediş haqqının tətbiqinə ehtiyac var. Ən idealı isə nəqliyyat sistemini seçilmiş bələdiyyələrin idarə etməsidir.
Bir sərnişinin daşınmasının maya dəyəri dəqiq hesablanmalıdır. Bizdə dövlət şirkətləri maya dəyərini istədikləri kimi açıqlayır. Hətta avtobusların, metro vaqonlarının alınma xərclərini gediş haqqının üstünə gəlirlər. Halbuki avtobuslar və vaqonlar dövlət hesabına alınır. Yanacaq sərfi, maaşlar, texniki məsələlər standartlar üzrə öz həllini tapmalıdır”.
İqtisadçı, vətəndaş cəmiyyəti eksperti Samir Əliyev qeyd edir ki, ictimai nəqliyyatda yeni qiymətlər 1 nəfərin xərcini ayda azı 6 manat artırır: “Orta statistik ailənin 4 nəfərdən ibarət olduğunu və onların 2-nin ictimai nəqliyyatdan istifadə etdiyini nəzərə alsaq, bu halda ailənin nəqliyyat xərcinin azı 12 manat artdığını görmək olar. Gündə bir neçə nəqliyyatdan istifadə edən, o cümlədən şəhər ətrafında və Sumqayıtda yaşayan şəxslərin xərci daha çox artacaq”.
İqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu taksi xidmətində, dəmir yolu nəqliyyatında da bahalaşma, bir müddət sonra isə enerji daşıyıcılarının – qazın, benzinin və elektrik enerjisinin tariflərinin artırılmasını proqnozlaşdırır: “2022-ci ildə neft-qaz sektoru üzrə ixracdan valyuta gəlirləri 35,9 milyard dollar olub, bu da 2021-ci ildəkindən 1,8 dəfə çoxdur. Neft-qaz gəlirləri belə “ədalətli” bölünür – gəlirlərimiz artanda qiymətləri də qaldırırıq”.