“Gallup” beynəlxalq ictimai rəy təşkilatının Ermənistan nümayəndəliyi yanvarın 17-dən 24-dək 1100 nəfər arasında telefon sorğusu keçirib. Novator.az bildirir ki, sorğuya qatılanların 29,6 faizi Azərbaycanın Yuxarı Qarabağ bölgəsində sülhə məsul olan Rusiya hərbi kontingentinin fəaliyyətini “çox mənfi”, 18,3 faizi “əsasən mənfi” fəaliyyət kimi qiymətləndirib.
Telefon sorğusunda iştirak edənlərin 22,6 faizi Ermənistandakı 102-ci Rusiya hərbi bazasına “qəti mənfi”, 14,8 faizi “əsasən mənfi” münasibətdə olduğunu qeyd edib.
Sorğunun nəticələrinə görə, respondentlərin 97,4 faizi Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin Azərbaycanın əhalisinin tərkib hissəsi kimi milli azlıq sayılmasına qarşı çıxır.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası Gümrü şəhərində qərar tutur. Əsası 1992-ci ildə qoyulan hərbi bazanın hava komponenti paytaxt Yerevandadır. Baza ölkədə 2044-cü ilədək qalmalıdır.