“Xalq qəzeti”nin 31 yanvar sayında milli lider Məhəmməd Əmin Rəsulzadənin Türkiyənin paytaxtı Ankaranın “Əsri” məzarlığındakı qəbirüstü abidəsindən yazılıb. Yazının müəllifi İmran Bədirxanlı qeyd edir ki, məzar daşı tarixin bələdçisidir: “Sinə daşının ölçüləri Rəsulzadə ömrünün rəqəmlərlə həkk edilmiş rəmzidir: ön hissə (34 santimetr) onun Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin ilk iclasını açarkən, arxa hissə isə (71 santimetr) vəfat etdiyi zaman yaşını göstərir.
Qırmızı mərmərin üzərinə qravürlə Rəsulzadənin adı və titulu yazılıb. Hündürlüyü 2,8 metr olan dörd sütun isə AXC-nin quruluş günü 28 Mayı ehtiva edir. Bəli, bunlar danışan rəqəmlər, bir ömrü, bir taleyi məzar ölçülərində yaşadan rəmzlərin harmoniyasıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Rəsulzadənın Ankaranın “Əsri” məzarlığındakı qəbirüstü abidəsi – türbəsi onun vətəni ilə birbaşa, yaxud dolayısı ilə bağlı olan insanların daim ziyarət etdikləri məkandır. Bu türbə onun yalnız doğum-ölüm tarixlərində və istiqlalı bəyan etdiyi 28 mayda deyil, demək olar ki, hər gün bura baş çəkənləri “qarşılayır və yola salır”.
Müəllif rəqəmlər ideyasının memarının Tuncer Kırhan olduğunu vurğulayır: “Ankaradakı Azərbaycan Mədəniyyət (Kültür) Dərnəyi Ankara bələdiyyəsinə 2004-cü ildə etdiyi rəsmi müraciətə bir ildən sonra razılıq alır. 2008-ci ildə, AXC-nin 90 illiyi ərəfəsində dərnəyin Türkiyə Abidələr İdarəsinə Rəsulzadənin qəbirüstü abidəsinin yaradılması ilə bağlı müraciətinə müsbət cavab verilir və bu iş Qazi Universitetində rəssamlıqdan dərs deyən Tuncer Kırhana həvalə edilir.
Həm də Azərbaycan Mədəniyyət Dərnəyinin üzvü olan Kırhan deyir ki, hələ 1978-ci ildə dərnəyin rəhbəri Feyzi Akyüzümün təklifi ilə məzara kiçik dəyişiklik olunub, Rəsulzadənin adı, ölüm və doğum tarixləri yazılmış yeni sinə daşı ilə əvəzlənib.
1994-cü ildə isə Azərbaycan əsilli qarslı iş adamı məzarı islami qaydada, ay-ulduz motivləri ilə işlənmiş qapalı dəmir sarkofaqa saldırır. 2008-ci ilə qədər məzar bu dizaynda qalır, fəqət təmizliyə problem yaratması, ziyarətçilərin məzarla təmasını məhdudlaşdırması, vizual olaraq məzarın sanki qəfəsə salınması görüntüsünü yaratması səbəbindən metal örtük götürülür.
“Mən üç maket hazırladım. Dərnəyin idarə heyəti üzvlərindən ibarət münsiflərin arasında Türkiyə Abidələr İdarəsinin o zamankı rəhbəri, Rəsulzadənin məsləkdaşı Məhəmməd Kəngərli də vardı. Onlar məhz bu eskizi seçdi” – Tuncer Kırhan xatırlayır. Sütunların üzərindəki milli xalçaçılıq ornamentinin xalqın qəlbindən qopan hürriyyət və istiqlal mücadiləsinin rəmzi olduğunu söyləyən memar əsas ideyanı Çanaqqala qəhrəmanlarının şərəfinə ucaldılmış xatirə kompleksindən aldığını etiraf edir. Türbənin üzərinə Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə istiqlal”, “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri həkk olunur.
İşlər tamamlanma ərəfəsində müəllifin abidənin yerləşdiyi küçəyə “28 May” adının verilməsi təklifi mövcud qaydalara uyğun gəlmirmiş. Ankara bələdiyyəsi ilə aparılan danışıqlardan sonra küçənin nömrəli adını da qeyd etmək şərti ilə “28 May” yazılmış yeni lövhənin vurulmasına izn verilir. Beləliklə, abidə kompleksi indiki vəziyyətinə gətirilir və 2008-ci il mayın 28-də təntənəli açılışı olur.
Memar Tuncer Kırhan qəbirüstü abidənin üç rəmzini qeyd edir, amma məzarın sağ tərəfində üç pilləkən də var. Yəqin o üç pillə də memarın unutduğu, amma Yaradanın bizə xatırlatdığı, Məhəmməd Əmin Rəsulzadənin son nəfəsində üç kərə təkrarladığı “Azərbaycan, Azərbaycan, Azərbaycan!”ın rəmzidir”.
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində doğulub. Bakıdakı II rus-müsəlman məktəbində, Bakı Texniki Məktəbində təhsil alıb.
1903-cü ildə Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyini yaradıb. 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (RSDFP) nəzdində “Hümmət” Sosial Demokrat Təşkilatının yaradıcılarından olub. 1907-ci ildə RSDFP-dən uzaqlaşıb rus müstəmləkə üsul-idarəsinə qarşı fəaliyyətə başlayıb.
1911-ci ildə Müsavat Partiyasının qurulmasında iştirak edib. Partiyanın ilk başqanı olub. 1918-ci ildə Azərbaycanın müstəqilliyini bəyan edən Milli Şuraya sədrlik, daha sonra Azərbaycanın ilk parlamentində Müsavat fraksiyasına başçılıq edib.
1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndə həbs olunub, azadlığa çıxandan sonra Moskvada yaşayıb. 1922-ci ildə Finlandiyaya, oradan Fransaya, sonra Türkiyəyə gedib. 1955-ci il martın 6-sı Ankarada vəfat edib, “Əsri” qəbiristanlığında dəfn olunub.