Macarıstan səfərində olan prezident İlham Əliyev yanvarın 30-u paytaxt Budapeştdə rəsmən qarşılanıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvləri Macarıstan prezidenti Katalin Novaka, Macarıstanın dövlət və hökumət nümayəndələri İlham Əliyevə təqdim olunub.
Prezidentlər əvvəl təkbətək görüşüblər, sonra geniş tərkibdə bir araya gəliblər.
Dövlət başçısı Macarıstanın baş naziri Viktor Orbanla məhdud və geniş tərkibdə görüşlər də keçirib. Bu görüşlərdən sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb:
Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında birgə bəyannamə;
“Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair anlaşma memorandumu”;
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında anlaşma memorandumu”;
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu”;
“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Macarıstanın Əcnəbilərə Nəzarət üzrə Milli Baş Direktorluğu arasında miqrasiya sahəsində əməkdaşlığa dair anlaşma memorandumu”;
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında anlaşma memorandumu”;
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında protokol”.
İlham Əliyevin Macarıstana rəsmi səfəri yanvarın 29-da başlayıb.