Türkiyədə müxalif cinahın əsas güc mərkəzi prezidentliyə vahid namizədi elan etməyə hazırlaşır. Koalisiyada Cümhuriyyət Xalq Partiyası, Yaxşı Partiya, Səadət Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Gələcək Partiyası və Demokrat Partiyası cəmləşib.
Prezident seçkisi ilə eyni gündə parlament də yenilənəcək. Qoşa seçkinin mayın 14-nə təyin olunması gözlənir.
Son açıqlamalarda müxalifətin prezidentliyə mümkün namizədi kimi Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun adı hallanır. Novator.az bildirir ki, Kamal Kılıçdaroğlu 1948-ci il dekabrın 17-də Tunceli vilayətində doğulub. Paytaxt Ankarada iqtisadiyyat və idarəçilik üzrə ali təhsil alıb. Maliyyə Nazirliyində, Gəlirlər Baş İdarəsində, Əmək və Sosial Müdafiə Nazirliyində məsul vəzifələr tutub, Sosial Sığortalar Qurumuna başçılıq edib, Ankaranın Hacettepe Universitetində dərs deyib.
2002-ci ildən parlamentin – Türkiyə Böyük Millət Məclisinin deputatıdır.
Cümhuriyyət Xalq Partiyasına 2010-cu il mayın 22-dən sədrlik edir.
Seçkilərin hakim cinahında əsas qüvvələr Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasıdır.
2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Teyyub Ərdoğan 2003-cü il martın 14-dən baş nazir postunu tutub, 2014-cü ildə prezident seçilib.
2017-ci il aprelin 16-da Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub.
24 iyun 2018-ci ildə Rəcəb Teyyub Ərdoğan yenidən prezident postuna mandat alıb, həmin gün idarə üsulu dəyişib: baş nazir postu ləğv edilib, prezident həm dövlət, həm də hökumət başçısı olub.
2023-cü ilin seçkisində də prezidentliyə namizəd olan Rəcəb Teyyub Ərdoğana Dövlət Baxçalının liderlik etdiyi Milliyyətçi Hərəkat Partiyası və bir neçə başqa partiya dəstək verir.
1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub, 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb.
600 nəfərlik Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyası çoxluqdadır.