Çexiyada prezident seçkisi başa çatıb. Novator.az-ın məlumatına görə, yanvarın 27-28-də keçirilmiş ikinci turda partiyasız namizəd, istefada olan ordu generalı Petr Pavel 58,2 faiz səslə Narazı Vətəndaşlar Aksiyasının lideri, sabiq baş nazir Andrey Babişi qabaqlayıb.
8 namizədin mübarizə apardığı ilk turda (13-14 yanvar) Petr Pavellə Andrey Babiş önə çıxmışdı.
1961-ci il təvəllüdlü Petr Pavel səlahiyyətlərinin icrasına martın 9-da başlayacaq. O, 2012-2015-ci illərdə Çexiya Ordusunun Baş Qərargah rəisi, 2015-2018-ci illərdə NATO Hərbi Komitəsinin sədri olub.
Ümumxalq seçkisində 5 il müddətinə seçilən prezident Çexiyada dövlət başçısı və Silahlı Qüvvələrin ali baş komandanı sayılır. 2013 və 2018-ci illərdə Miloş Zeman prezident seçilib.
Ölkədə icra hakimiyyətini parlamentin aşağı palatasına seçkinin nəticəsi əsasında qurulan hökumət həyata keçirir. 2021-ci ildən Vətəndaş Demokrat Partiyasının lideri Petr Fiala baş nazirlik edir.