Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi məlumatına görə, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı ilə bağlı cinayət işi başlanıb: “27 yanvar 2023-cü il Bakı vaxtı ilə saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirib, daha iki mühafizəçiyə xəsarət yetirib. Səfirliyin əməkdaşları cinayətkarı tərksilah etməklə onun cinayət əməllərini dayandırıblar.
Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İran İslam Respublikasının aidiyyəti qurumlarına aparılan araşdırmalarla bağlı zəruri məsələlərin həllinə dair müraciət edilib. Səfirliyə qarşı törədilmiş terrorçuluq əməlləri ilə bağlı bütün halların tam və hərtərəfli araşdırılması təmin ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.