İqtisadçı Samir Əliyev valyuta hərraclarında sönüklüyə diqqət çəkib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, Mərkəzi Bankın 24 yanvar hərracında banklar valyuta sifarişi verməyib, yəni satış olmayıb: “Ondan əvvəlki hərracda isə satışın həcmi cəmi 1,5 milyon dollar olub. Bu, ilk belə haldır. Diqqət yetirsək görərik ki, 2023-cü il başlayandan keçirilmiş hərraclarda satış azalan xətlə gedib. Yanvarın 5-də keçirilmiş ilk hərracda 52,7 milyon dollar satılıb, növbəti hərraclarda həcm 51,2 milyon, 35 milyon, 18,7 milyon, 1,5 milyon dollar göstərilib və nəhayət, sonuncu hərracda tələbat olmayıb.
Ümumilikdə yanvar ayının geridə qalan dövründə keçirilmiş hərraclarda 159,1 milyon dollar satılıb. Halbuki 2022-ci ilin ilk 25 günündə keçirilmiş hərraclarda bu göstərici 4 dəfə çox – 642,7 milyon dollar olub.
Ağla gələn ilk izah bankların dollar likvidliyinin yüksək olmasıdır. Ancaq bankların alış məzənnəsinə baxdıqda fərqli mənzərə görünür. Mərkəzi Bankın 1 dollar üzrə rəsmi məzənnəsi 1,7 manat olduğu halda 9 bankın alış məzənnəsi 1,6990 manat, 5 bankın alış məzənnəsi 1,6980 manat, 4 bankın alış məzənnəsi 1,6970 manatdır. Qalan bankların alış məzənnəsi rəsmi məzənnəyə çox yaxındır.
Hərraclarda bankların dollara yüksək tələbı olan zamanlarda alış məzənnələri bu dərəcədə yüksək deyildi. Ən yaxşı halda dörd-beş bank 1,6990 manat məzənnə ilə dollar almağa üstünlük verirdi.
Belə çıxır ki, banklara Mərkəzi Bankdan deyil, əhalidən dollar almaq sərf edir. Halbuki əksinə olmalıdır.
Səbəb nə ola bilər: Rusiyadan dollar axını fonunda banklarda dollar bolluğu, yoxsa ilin əvvəli olduğundan büdcə icrasının ləngiməsi səbəbindən manat qıtlığı? Bəlkə başqa səbəb?”
2015-ci ilin devalvasiyalarında ABŞ dollarının rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib. 2016-cı ili 1,7707 manat, 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən 1,7 manata təklif olunur.
Manatın kursu valyuta hərraclarında qorunur. Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında Dövlət Neft Fondunun satdığı vəsait 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard ABŞ dolları məbləğində göstərilib.