İqtisadçı Rövşən Ağayev 2022-ci ilin xarici ticarət statistikasına nəzər salıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, ötən il dövlət sektorunun idxalı 2,1 dəfə artaraq 2,5 milyard dollara çatıb, ümumi idxalda dövlət sektorunun payı 10 faizdən 17,5 faizə yüksəlib.
Ekspert gömrük-vergi yükünün də artdığını vurğulayır: “Azərbaycanda gömrük yığımlarının əsasən idxaldan formalaşdığını nəzərə alsaq, gömrüyün büdcəyə ödəmələrinin ümumi idxal dəyərinə nisbəti 21,8 faizdən 24 faizə qalxıb. Yəni 2021-ci ildə idxal olunan hər 100 manatlıq mala görə vətəndaşdan 21,8 manatdan alınmışdı, ötən il 24 manat alınıb. Səbəbini soruşanda, ağarma deyəcəklər. Amma məsələn, gömrük dəyərinin subyektiv qərarlarla artırılıb-azalmasına işıq salmaq üçün hər hansı alternativ araşdırma imkanı mövcud deyil.
Qeyri-neft ixracı dəyər ifadəsində təxminən 12 faiz artaraq 3 milyard dolları ötüb, onun ümumi ixracda payı isə 12,2 faizdən 7,9 faizə enib. Artımda ixracın real (fiziki) həcminin artımından çox qiymət amili həlledici olub. İxrac qiymət indeksi üzrə məlumatlar əsasında aparılan hesablamalar göstərir ki, real həcm indeksi hesabına ixracın artımı 4 faiz ətrafındadır. Dünya bazarlarında qiymət amili qeyri-neft ixracında ən azı 8 faizlik artıma səbəb olub”.