Avropa İnsan Hüquqları Məhkəməsi 2022-ci ilin yekunları ilə bağlı statistika yayıb. Hesabata əsaslanan Aihmaz.org bildirir ki, məhkəmədə 74650 ərizə baxılma növbəsindədir.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.
Rəsmi statistikaya görə, Strasburqa ən çox şikayət Türkiyədən daxil olub: 20110.
Rusiyadan (2022-ci ildə Avropa Şurasından ayrılıb) 16750, Ukraynadan 10400 ərizə baxış gözləyir.
Azərbaycandan 2170 ərizənin növbədə dayandığı xəbər verilir.
2022-ci ildə məhkəmə ümumilikdə 1163 qərar qəbul edib. Ən çox qərar Rusiyaya qarşı çıxarılıb: 384. Ukraynaya qarşı 144, Rumıniyaya qarşı 81, Türkiyəyə qarşı 80 qərar elan olunub.
Azərbaycanla bağlı 23 qərarın 22-də iddia edilən pozuntuların əksəriyyəti tanınıb. 9 işdə azadlıq və toxunulmazlıq, 7 işdə ədalətli məhkəmə araşdırması, 3 işdə mülkiyyət, 2 işdə şəxsi həyata hörmət, 2 işdə birləşmək, 1 işdə işgəncənin yolverilməzliyi, 1 işdə yaşamaq hüququnun pozulması rəsmiləşib.
Statistikaya əsasən, Avropa Məhkəməsi indiyə qədər Azərbaycanla bağlı mahiyyəti üzrə ümumilikdə 274 qərar çıxarıb. Həmin işlərin yalnız 3-də pozuntu tapılmayıb.