AXCP sədri Əli Kərimli son günlərin inzibati həbslərindən yazıb. Novator.az-ın məlumatına görə, siyasətçi qeyd edir ki, yanvarın 24-də partiya fəalı Rövşən Səfərova heç kimin xəbəri olmadan 30 sutka inzibati həbs cəzası verildiyi bilinib: “Rövşən Səfərov şəhid oğludur. Atası Yavər Səfərov 1994-cü ilin Qarabağ döyüşlərində, Horadiz uğrunda savaşda şəhid olub. İndi məlum olur ki, şəhid oğlu kimi də Rövşən bəyin rejimin gözündə heç bir hörməti yoxdur. Rövşən bəyin aktiv cəbhəçi olduğunu öyrəndikdən sonra rejim onu da qara siyahıya salıb.
Rövşən bəy yeni repressiya dalğası çərçivəsində şərlənib həbs olunmuş ikinci cəbhəçi fəaldır. Əvvəlki günlərdə AXCP üzvü Anar Hüseynov (Ərkivan) 30 sutka müddətinə həbs olunub. Müsəlman Birliyi Hərəkatının beş fəalına da eyni cəzalar kəsilib.
İlham Əliyev görür ki, ölkəmizdə insan hüquqlarının kütləvi pozulmasından erməni separatçılar Azərbaycana qarşı istifadə edirlər. Onu da görür ki, repressiyalar ölkəmizi nüfuzdan salır, sivil dünyadan təcrid edir. Ancaq hakimiyyətini qorumaq üçün azərbaycanlıları incidən və Azərbaycanı zəiflədən repressiyalardan əl çəkmir. Xalqımız bu siyasətə hamılıqla etiraz etməli, şərlənərək həbs olunmuş siyasi məhbuslara azadlıq istəməlidir”.
Siyasətçi Tofiq Yaqublunun qızı Nigar Həzi yazır ki, AXCP Xətai rayon təşkilatının üzvü olan Rövşən Səfərov Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində saxlanır: “O, atama dəstək üçün keçirilmiş aclıq aksiyasında iştirak etmiş şəxslərdən biridir”.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu 2022-ci il dekabrın 23-dən 2023-cü il yanvarın 22-dək inzibati həbs cəzası çəkib, aclıq aksiyası keçirib, bir çox müxalif fəal Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında ona aclıqla dəstək verib.