AZƏRTAC-ın 25 yanvar məlumatına görə, azərbaycanlı fəalların Laçın yolunun Şuşa şəhəri yaxınlığındakı hissəsində aksiyası 45-ci günə qədəm qoyub. Fəalların “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!” kimi şüarlar səsləndirdiyi, yolun humanitar missiyalı avtomobillər üçün tam açıq olduğu bildirilir.
Azərbaycan hökumətinin və “AzerGold” şirkətinin nümayəndələri keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında monitorinq aparmaq istəyir. Bu məsələ Rusiya hərbi qüvvələrinin Xocalıdakı qərargahında komandanlıqla 2022-ci il dekabrın 3-də və 7-də keçirilmiş görüşlərdə müzakirə olunub.
Dekabrın 10-da ermənilər Azərbaycan nümayəndələrinin yataqlara baş çəkməsini əngəlləyib.
Dekabrın 12-dən azərbaycanlı fəallar Yuxarı Qarabağdan Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığında oturaq aksiya keçirərək Azərbaycan nümayəndələrinin yataqlara baş çəkməsinə şərait yaratmaq tələbi qoyub.
Azərbaycan nümayəndələri dekabrın 16-sı Xocalıda Rusiya hərbi qüvvələrinin komandanlığı ilə daha bir görüş keçirib, ancaq yataqlarda monitorinqə yenə şərait yaradılmayıb.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.