Ölkədən çıxışı yasaqlanan siyasətçi Tofiq Yaqublu Ali Məhkəməyə üz tutur.
2022-ci il noyabrın 16-da Suraxanı Rayon Məhkəməsi azadlıqdan şərti məhkum olunmuş Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməsi barədə müraciətini təmin etməyib. Qərar Bakı Şəhər Probasiya İdarəsi və prokurorluq nümayəndələrinin mülahizələri əsasında çıxarılıb. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə həmin qərarın ləğvi istənib.
Novator.az-a danışan Tofiq Yaqublu deyib ki, Bakı Apellyasiya Məhkəməsi yanvarın 10-da Suraxanı Rayon Məhkəməsinin qərarını, onun ölkədən çıxışına qadağanı qüvvədə saxlayıb: “O vaxt inzibati həbs cəzası çəkir və saxlandığım məntəqədə aclıq aksiyası keçirirdim deyə prosesdə iştirak etmədim. Vəkilim Aqil Layic Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar qərarının surətini alıb və Ali Məhkəməyə şikayət təqdim etmək niyyətindədir”.
Tofiq Yaqublu ata yurdu Gürcüstana səfər etməyə çalışır. 2022-ci il oktyabrın 30-da onun atası Bakıda vəfat edib, noyabrın 1-i Gürcüstanda dəfn olunub. Şərti məhkumluq çəkdiyi üçün Tofiq Yaqublu dəfnə gedə bilməyib, atasının məzarını ziyarət imkanından da məhrumdur.
2021-ci il iyulun 11-də anası vəfat edəndə ev dustağı olan siyasətçi dəfnə, yasa getməyə razılıq ala bilməyib. Suraxanı Rayon Məhkəməsinə üz tutan Tofiq Yaqublunun müraciəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.
Tofiq Yaqublu 2022-ci ilin iyun ayında üzərində nəzarətə məsul Bakı Şəhər Probasiya İdarəsinə müraciət edərək anasının ilində iştiraka, məzarını ziyarət eləməyə razılıq istəyib, ancaq yenə yox cavabı alıb.
1961-ci ildə Gürcüstanın Bolnisi rayonunun İncəoğlu kəndində doğulan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.
Paytaxtda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqubluya 30 sutka inzibati həbs cəzası verilib. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb və həbsini əsassız sayan Tofiq Yaqublu Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində aclıq aksiyasına başlayıb, səhhəti pisləşdiyi üçün yanvarın 11-də Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülüb.
Siyasətçi yanvarın 22-də inzibati həbs müddətini başa vuraraq 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından evə buraxılıb, həmin gün aclığı dayandırıb.