Vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi (Sabit Bağırov, Mehriban Vəzir, Hafiz Həsənov, Azər Mehtiyev, Mirəli Hüseynov, Nəsimi Məmmədli, Samir Əliyev, İlqar Hüseynli, Mehriban Zeynalova, Arzu Abdullayeva, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Mirvari Qəhrəmanlı, Rəsul Cəfərov və başqaları) prezident İlham Əliyevə müraciət edib. Yanvarın 24-də yayılan müraciətdə ictimai fəal Bəxtiyar Hacıyev və jurnalist Əvəz Zeynallının həbsdən buraxılması istənir: “Hər iki şəxsin səhhətində ciddi narahatçılıqların olduğunu nəzərə alaraq onların istintaq dövrü üçün seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə köməklik göstərməyinizi xahiş edirik. Bəxtiyar Hacıyev və Əvəz Zeynallı ictimaiyyətdə nüfuz sahibi olan şəxslər, dövlətə, xalqa bağlı vətənpərvər insanlardır. Onların ölkə üçün göstərdikləri peşəkar fəaliyyətlərinin nəzərə alınmasına, yaxın gələcəkdə isə günahsız olduqlarına görə bəraət alacaqlarına ümid edirik”.
Novator.az bildirir ki, Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunu olan 1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
2022-ci il dekabrın 9-da Xətai Rayon Məhkəməsi Bəxtiyar Hacıyev barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçib, 2023-cü il yanvarın 21-də həbs müddətini fevralın 28-dək uzadıb.
Fəala xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsinin iddiasına görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb.
Fəal dekabrın 15-dən 29-dək Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirib, yanvarın 9-dan yenidən aclıq edir.
Bəxtiyar Hacıyevin həbsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət, eləcə də həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi, əmlak girovu ilə azadlığa buraxılması cəhdləri fayda verməyib.
1969-cu il təvəllüdlü Əvəz Zeynallı Ankara Dövlət Universitetini bitirib. Bir neçə qəzetin yazarı, “Vətəndaş həmrəyliyi” və “Xural” qəzetlərinin baş redaktoru olub.
Jurnalist 2011-ci il oktyabrın 28-də həbs edilib. Külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunan Əvəz Zeynallı 2014-cü il dekabrın 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
2015-ci ildə Əvəz Zeynallı “Xural” internet televiziyasını təsis edib.
Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da, vəkil Elçin Sadıqovla eyni gündə tutulub. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edir.
Rəsmi açıqlamaya görə, jurnalist məhbus iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb. Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.
Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır. Sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.
Dekabrın 29-da Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Əvəz Zeynallı barəsində həbs qətimkan tədbirinin müddətini 3 ay (8 aprel 2023-cü ilədək) uzadıb.