Azərbaycanın Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının Ermənistanda monitorinq missiyası yaratmaq qərarını şərh edib. Yanvarın 24-də yayılan şərhdə qeyd olunur ki, belə bir fəaliyyət sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməməlidir: “Missiyanın Ermənistanda yerləşməsinin Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə fəaliyyətin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir.
Avropa İttifaqının Ermənistanda monitorinq fəaliyyəti 6 oktyabr 2022-ci ildə Azərbaycan, Ermənistan, Fransa liderləri və Avropa İttifaqı Şurasının sədrinin Praqa görüşündə əldə olunmuş razılaşmadan irəli gələrək mülki monitorinq missiyasının yerləşməsi ilə başlayıb. Azərbaycan normallaşma prosesinə kömək göstərəcəyinə inanaraq bu fəaliyyətin həyata keçirilməsinə razılıq verib.
İki aylıq missiyanın dəqiq müəyyən edilmiş parametrlərinin və məqsədlərinin yüksək səviyyədə razılaşdırılmasına baxmayaraq monitorinq missiyasının fəaliyyətinin Praqada əldə edilmiş razılaşmalarla ciddi ziddiyyət təşkil etdiyi müşayiət olundu. Bu da Avropa İttifaqı çərçivəsində qərar qəbuletmə prosesini etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada təsir etdi. Monitorinq missiyasının mövcudluğu Ermənistanın normallaşma prosesini pozmaq cəhdlərini artırması, o cümlədən Azərbaycan, Ermənistan və Avropa İttifaqı Şurası liderlərinin üçtərəfli görüşünə əsassız ittihamlarla zərbə vurması ilə üst-üstə düşdü. Beləliklə, missiyanın normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilər sarsıldı.
Azərbaycan Ermənistanda iki aylıq mülki missiyanın başa çatmasından sonra fəaliyyəti davam etdirmək marağında olan Avropa İttifaqı ilə məsləhətləşmələr zamanı xoş niyyətlə çıxış edib, habelə öz mövqeyini, gözləntilərini, narahatlıqlarını aydın və şəffaf şəkildə qarşı tərəfə çatdırıb. Avropa İttifaqı nümayəndələri ilə müxtəlif səviyyələrdə keçirilmiş bir sıra məsləhətləşmələrdə missiyanın mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsinin zəruriliyi bildirilib”.
Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
Novator.az bildirir ki, Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edərək Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlar nəticəsində ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı Qarabağ bölgəsindəki Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi separatçı rejimin, Ermənistana gedən Laçın yolu Rusiya hərbi kontingentinin nəzarətindədir.
Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.
Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.
Azərbaycan hərbçiləri 2021-ci ilin may, 2022-ci ilin sentyabr aylarında Ermənistanla sərhədin Laçın və Kəlbəcər rayonları istiqamətindəki bəzi sahələrini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.
Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın 2022-ci il oktyabrın 6-sı Praqada keçirdiyi görüşdə Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki heyətinin göndərilməsinə razılıq verib, Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılaşıb.
Mülki heyət işini oktyabrın 26-da başlayıb, dekabrın 19-da başa çatdırıb.
2023-cü il yanvarın 23-də Avropa İttifaqı Şurası Ermənistana ilkin olaraq 2 il müddətinə yeni heyət göndərmək qərarı verib.