Məhbus jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı yanvarın 24-ü Bakıda, Baş Prokurorluğun İstintaq İdarəsinin binası qarşısında aksiya keçirib. O yazır ki, Əvəzin ailə ilə görüşməsinə və telefonla danışmasına qadağaya etiraz bildirib: “Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov məni qəbul etdi, etirazlarımı dinlədi, bütün məsələlərlə bağlı yaxın günlərdə müvafiq qərarlar veriləcəyini dedi”.
“Turan”ın məlumatına görə, Məlahət Zeynallı qeyd edib ki, axtarış zamanı evlərindən götürülən, qızlarının təhsil haqqı üçün nəzərdə tutulan pulun qaytarılmasını da istəyir.
Əvəz Zeynallının səhhətində ciddi problemlər olduğunu vurğulayan Məlahət Zeynallı deyib ki, yoldaşının gözündə tibbi əməliyyata ehtiyac var, bu baxımdan onun ev dustaqlığına buraxılması zəruridir.
1969-cu il təvəllüdlü Əvəz Zeynallı Ankara Dövlət Universitetini bitirib. Bir neçə qəzetin yazarı, “Vətəndaş həmrəyliyi” və “Xural” qəzetlərinin baş redaktoru olub.
Jurnalist 2011-ci il oktyabrın 28-də həbs edilib. Külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunan Əvəz Zeynallı 2014-cü il dekabrın 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
2015-ci ildə Əvəz Zeynallı “Xural” internet televiziyasını təsis edib.
Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da, vəkil Elçin Sadıqovla eyni gündə tutulub. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edir.
Rəsmi açıqlamaya görə, jurnalist məhbus iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb. Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.
Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır. Sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.
Dekabrın 29-da Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Əvəz Zeynallı barəsində həbs qətimkan tədbirinin müddətini 3 ay uzadıb.
Əvəz Zeynallıya ittiham vəkili də həbsə apardı
Əvəz Zeynallıya yeni ittihamın detalları
Prezidentə Əvəz Zeynallı müraciəti
Əvəz Zeynallı vəzifəli şəxsdirmi?
Elçin Sadıqov: “Vəkillik fəaliyyətim təhlükədədir”
Elçin Sadıqovun müraciətinə baxılacaq