Yanvarın 23-də sərəncam imzalayan prezident İlham Əliyev milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması proqramını təsdiqləyib. 2023-2025-ci illəri əhatə edən dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək İqtisadiyyat Nazirliyinə, monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.
Proqramda əsas hədəf göstəriciləri belə sıralanır: milli standartlaşdırma sisteminin məhsulların rəqabət qabiliyyətliliyinin artırılmasına töhfə verən fəaliyyətə çevrilməsi; Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu; malların təhlükəsizliyinin, keyfiyyətinin təmini, onların rəqabət qabiliyyətliliyinin və ixrac potensialının artırılması; texniki tənzimləmə sahəsində nəzarət mexanizminin təkmilləşdirilməsi, şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması.
2008-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əsasında dövlət komitəsi yaradılıb. 2017-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirən Azərbaycan Standartlaşdırma İnstitutunun yaradılması tapşırılıb.
2018-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilərək texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahələrində dövlət tənzimlənməsinin və siyasətinin həyata keçirilməsi səlahiyyətləri agentliyə, Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri İqtisadiyyat Nazirliyinə verilib. 2019-cu ildə agentlik Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti statusunda İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.