![]({"full":{"0":"2023\/01\/D\u0130N-kollegiya.jpg","1":750,"2":375,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2023\/01\/D\u0130N-kollegiya.jpg"}})
Yanvarın 23-ü Daxili İşlər Nazirliyində 2022-ci ildəki fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, hesabat məruzəsi ilə çıxış edən nazir Vilayət Eyvazov deyib ki, 2022-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 36494 cinayət qeydə alınıb: “Cinayətlərin 89,7 faizinin açılması təmin edilib. Prokurorluq orqanları ilə birgə davamlı iş nəticəsində keçmiş illərdən bağlı qalmış 368 cinayət üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub.
2021-ci illə müqayisədə şəxsiyyət əleyhinə cinayətlər 2,4 faiz, o cümlədən qəsdən adam öldürməyə cəhdlər 13 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 5 faiz, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 17,6 faiz, ailə münaqişəsi zəminində törədilən cinayətlər 2,4 faiz, mal-qara oğurluğu 21,3 faiz azalıb.
251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə alınıb, axtarışda olan 557 təqsirləndirilən şəxsin tutulması təmin edilib”.
Qeyri-leqal dövriyyədən 3 ton 418 kiloqram narkotik vasitənin çıxarıldığı, 172 tondan artıq narkotik xassəli bitkilərin aşkarlanıb məhv edildiyi bildirilir.