Bakı Şəhər Baş Polis İdarəsi ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətinin fevralın 28-dək artırılmasına vəsatət verib. “Turan”ın məlumatına görə, Xətai Rayon Məhkəməsi vəsatətə yanvarın 21-də baxacaq.
Yanvarın 20-si Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevə baş çəkən vəkil Cavad Cavadov “Turan”a deyib ki, aclıq aksiyası məhbusu xeyli zəiflədib və bu minvalla onun səhhətində ciddi problemlər yarana bilər.
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da tutulub. Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçib. Fəal xuliqanlıqda və məhkəməyə hörmətsizlikdə təqsirli bilinir. İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsinin iddiasına görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamları rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb. Fəal həmin gündən dekabrın 29-dək Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirib.
Ev dustaqlığına buraxılmaq üçün cəhdlər də nəticə vermədiyi üçün 2023-cü il yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb. Yanvarın 18-də Xətai Rayon Məhkəməsi fəalın əmlak girovu ilə azadlığa buraxılması barədə vəsatətə yox deyib.
Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunu olan 1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Başqa bir xəbərə görə, Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında aclıq aksiyasını davam etdirir. Yanvarın 20-də siyasətçiyə baş çəkən tibb elmləri doktoru Adil Qeybulla “Turan”a Tofiq Yaqublunun zəiflədiyini, ancaq həyatının təhlükədə olmadığını deyib.
Paytaxtda Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqubluya 30 sutka inzibati həbs cəzası verilib. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb və Tofiq Yaqublu Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində aclıq aksiyasına başlayıb, səhhəti pisləşdiyi üçün yanvarın 11-də 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülüb.
Tofiq Yaqublu aclıq aksiyasını həbsinin əsassız olması və məntəqədə görüşlərə, sovqat gətiriliməsinə əngəl yaradılması ilə əsaslandırır.
Siyasətçinin həyat yoldaşı Maya Yaqublu da yanvarın 7-dən evdə (Bakının Qaraçuxur qəsəbəsi) aclıq edir. Bir çox müxalif fəal isə Müsavat Partiyasının paytaxtdakı mərkəzi qərargahında Tofiq Yaqubluya aclıqla dəstək verir.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.