Yanvarın 19-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə qərarlar elan edib.
“Xural” qəzeti (2011-ci ildə nəşrini dayandırıb) və qəzetin baş redaktoru Əvəz Zeynallı (2011-2014-cü illərdə həbsdə olub, 2022-ci ildə yenidən tutulub) 2010-cu ildə dərc edilmiş iki məqaləyə görə kəsilən cərimədən şikayətçi idi. Həmin məqalələrdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (2021-ci il yanvarın 12-də Medianın İnkişafı Agentliyinə çevrilib) icraçı direktoru Vüqar Səfərli (2021-ci ildən həbsdədir) də tənqid edilmişdi. Məhkəmə Vüqar Səfərlinin şikayəti əsasında “Xural” qəzetini 5 min manat cərimələyib.
Aihmaz.org xəbər verir ki, Avropa Məhkəməsi Əvəz Zeynallının Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat altına alınan ifadə azadlığı hüququna müdaxilənin baş verdiyini bəyan edib. Qərar Azərbaycan dövlətinin jurnalistə 6 min avro təzminat ödəməsini nəzərdə tutur.
“Azadlıq” qəzetinin (2016-cı ildə nəşrini dayandırıb) baş redaktoru Qənimət Zahidin (2011-ci ildən Fransada yaşayır) şikayəti 2007-ci ildə tutularaq azadlıqdan məhrum edilməsi ilə bağlı olub (2010-cu ildə azadlığa buraxılıb). Avropa Məhkəməsi jurnalistin ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu qənaətinə gəlib və Azərbaycan dövlətinin ona 6 min avro təzminat ödəməsinə qərar verib.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.