AZƏRTAC prezident İlham Əliyevin Davos səfərindən yeni bilgilər yayıb.
Yanvarın 19-da dövlət başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinklə görüşüb, Azərbaycanla bank arasında uğurlu əməkdaşlığın olduğunu, bankın Azərbaycanda mühüm layihələrdə iştirak etdiyini vurğulayıb, Cənub Qaz Dəhlizinin reallaşmasına töhfəsini xüsusi qeyd edib.
Söhbət zamanı perspektiv prioritetlər, o cümlədən nəqliyyat, logistika, informasiya texnologiyaları, bərpa olunan enerji sahələrində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Prezident “Adani Group” şirkətinin təsisçisi və sədri Qautam Adani ilə də bir araya gəlib, Azərbaycanın şirkətlə neft-kimya, dağ-mədən, metallurgiya sənayesi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığının perspektivləri müzakirə olunub.
İlham Əliyev Monteneqronun baş naziri Dritan Abazoviç, Dünya İqtisadi Forumunun sədri Klaus Şvab, Avropa İttifaqının büdcə və administrasiya üzrə komissarı Yohannes Han, Xorvatiyanın baş naziri Andrey Plenkoviç, Niderlandın baş naziri Mark Rutte ilə də görüşlər keçirib, “Avrasiya Orta Dəhlizi: yoldan magistrala” mövzulu panel iclasında iştirak edib.