Ukraynanın Fövqəladə Hallar Dövlət Xidmətinə məxsus vertolyot yanvarın 18-i Kiyev vilayətinin Brovarı şəhərində qəzaya uğrayıb. Vertolyotun uşaq bağçasının üstünə düşdüyü bildirilir. Son məlumata görə, 16 nəfər, o cümlədən ölkənin daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və nazirliyin dövlət katibi Yuri Lubkoviç həlak olub.
Qəzanın səbəbləri araşdırılır.
Ukraynada savaş gedir.
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım yarımadasını zəbt edib, martda onu Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib.
Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.
Rusiya prezidenti sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyan fərmanlar imzalayıb.
Sentyabrın 30-u Moskvada dörd bölgənin Rusiyanın tərkibinə keçməsini nəzərdə tutan müqavilələr imzalanıb. İlhaq sənədlərini Rusiya prezidenti ilə saxta rejimlərin rəhbərləri qollayıb. Müqavilələr oktyabrın 5-də tam qüvvəyə minib.
Rusiyanın Ukraynada apardığı işğalçı müharibə dinc əhali arasında kütləvi qırğınlar, zorakılıq, qarət, hərbi xarakter daşımayan infrastrukturun, yaşayış məntəqələrinin qəsdən dağıdılması və başqa cinayətlərlə müşayiət olunur.