İnzibati həbs cəzası almış siyasətçi Tofiq Yaqublunun qızı Nigar Həzi yanvarın 18-i Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında atasına baş çəkib. Novator.az-a danışan Nigar Həzi deyib ki, atası ictimaiyyət nümayəndələrinin, siyasətçilərin aclığa son vermək çağırışlarına sayğı ilə yanaşdığını bildirib, diqqətə görə təşəkkürlərini çatdırıb, ancaq aksiyanı dayandırmaq fikrində olmadığını qeyd edib: “Atam çox halsızdır. Tutulduğu gündən dünənə qədər 12 kiloqram çəki itirmişdi, ötən sutka ərzində daha 1 kiloqram arıqlayıb. Su içə də bilmir”.
Paytaxtda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqubluya 30 sutka inzibati həbs cəzası verilib. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb və Tofiq Yaqublu Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində aclıq aksiyasına başlayıb, səhhəti pisləşdiyi üçün yanvarın 11-də 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülüb.
Tofiq Yaqublu aclıq aksiyasını həbsinin əsassız olması və məntəqədə görüşlərə, sovqat gətiriliməsinə əngəl yaradılması ilə əsaslandırır.
Siyasətçinin həyat yoldaşı Maya Yaqublu da yanvarın 7-dən evdə (Bakının Qaraçuxur qəsəbəsi) aclıq edir. Bir çox müxalif fəal isə Müsavat Partiyasının paytaxtdakı mərkəzi qərargahında və Ağdaşda Tofiq Yaqubluya aclıqla dəstək verir.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.
Tofiq Yaqubluya 30 sutka həbs cəzası verilib
Vəkil Tofiq Yaqubluya baş çəkib
Tofiq Yaqublu: yoldaşı da aksiyaya başlayıb
Tofiq Yaqubluya dəstək aksiyası böyüyür
Tofiq Yaqublu aksiyası: kimlər aclıq edir?
Həkim Tofiq Yaqublunun xəstəxanaya köçürülməsini təklif edir
Tofiq Yaqublu xəstəxanaya köçürülüb
“Azadlıq Tofiq Yaqublunun haqqıdır”
Tofiq Yaqublu sistem köçürülməsindən imtina edib