AZƏRTAC-ın 18 yanvar məlumatına görə, azərbaycanlı fəalların Laçın yolunun Şuşa şəhəri yaxınlığındakı hissəsində oturaq aksiyası davam edir. Tələb dəyişməzdir: Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarının dərhal dayandırılması.
Ərazinin humanitar məqsədlər üçün açıq olduğu, sərbəst hərəkətə heç bir maneə törədilmədiyi bildirilir.
İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” şirkətinin nümayəndələri keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında monitorinq aparmaq istəyir. Bu məsələ Rusiya hərbi qüvvələrinin Xocalıdakı qərargahında komandanlıqla 2022-ci il dekabrın 3-də və 7-də keçirilmiş görüşlərdə müzakirə olunub.
Dekabrın 10-da ermənilər Azərbaycan nümayəndələrinin Qızılbulaq və Dəmirli yataqlarına baş çəkməsini əngəlləyib.
Dekabrın 12-dən azərbaycanlı fəallar Yuxarı Qarabağdan Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığında oturaq aksiya keçirərək Azərbaycan nümayəndələrinin Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkməsinə şərait yaratmaq tələbi qoyub.
Azərbaycan nümayəndələri dekabrın 16-sı Xocalıda Rusiya hərbi qüvvələrinin komandanlığı ilə daha bir görüş keçirib, ancaq Qızılbulaq və Dəmirli yataqlarında monitorinqə yenə şərait yaradılmayıb.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.