Yanvarın 9-dan Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirən ictimai fəal Bəxtiyar Hacıyevin səhhəti pisləşib. “Turan”ın məlumatına görə, yanvarın 18-də məhbusa vəkili Zibeydə Sadıqova baş çəkib. Təcridxananın tibbi bölümündə saxlanan Bəxtiyar Hacıyev vəkilə deyib ki, yanvarın 17-də mədəsi qanaxma verib.
Zibeydə Sadıqova Bəxtiyar Hacıyevin halsız olduğunu, baş gicəllənməsindən əziyyət çəkdiyini bildirir.
“Turan” həmçinin xəbər verir ki, yanvarın 18-də Xətai Rayon Məhkəməsi fəalın əmlak girovu ilə azadlığa buraxılması barədə vəsatəti təmin etməyib.
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da tutulub. Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçib. İstintaqı aparan Bakı Şəhər Baş Polis İdarəsinin iddiasına görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamları rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.
Fəal Cinayət Məcəlləsinin 221.2.2 və 289.1-ci maddələri ilə təqsirli bilinir.
221.2.2-ci maddəyə əsasən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
289.1-ci maddəyə görə, məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmənin cəzası 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 320 saatdan 400 saatadək ictimai işlər və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmədir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb. Fəal həmin gündən dekabrın 29-dək Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirib.
Fəalın ev dustaqlığına buraxılması üçün də cəhdlər göstərilib. Xətai Rayon Məhkəməsi fəalın ev dustaqlığına buraxılması barədə ilk vəsatətə dekabrın 20-də baxaraq yox cavabı verib, dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb. Dekabrın 29-da Xətai Rayon Məhkəməsi yeni vəsatəti də təmin etməyib. 2023-cü il yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxladığı üçün Bəxtiyar Hacıyev yenidən aclığa başlamağa vadar olub.
Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunu olan 1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub
Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı
Bəxtiyar Hacıyev aclığı davam etdirir
Vəkil Bəxtiyar Hacıyevə baş çəkdi
Bəxtiyar Hacıyevdən köçürülmək istəyi
Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı
Bəxtiyar Hacıyev: yeni proses, Avropa Məhkəməsindən qərar
Bəxtiyar Hacıyev yenə buraxılmadı
Əli Kərimli Bəxtiyar Hacıyevə səslənib
Bəxtiyar Hacıyev aclığı dayandırdı