Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası İdarə Heyətinin 17 yanvar toplantısında “Siyasi partiyalar haqqında” yeni qanunun dövlət qeydiyyatına alınmayan qurumun fəaliyyətinə qadağa qoyması müzakirə olunub. Qanunun həmin tələbinin vətəndaşların hüquq və bərabərliyini pozduğu, siyasi fəaliyyət imkanlarını məhdudlaşdırdığı, Avropa İnsan Hüquqları Konvensiyasına, Azərbaycan Konstitusiyasına zidd olduğu vurğulanıb, onun ləğvi üçün səy göstəriləcəyi bəyan olunub.
İdarə Heyəti üzvləri Ali Məclisin iclasının çağırılması barədə fikir mübadiləsi aparıb. Razılığa görə, bu barədə yekun qərar ADR Partiyasının Ədliyyə Nazirliyinə qeydiyyat üçün yeni müraciətinə cavabından sonra veriləcək.
Novator.az bildirir ki, 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Həmin il noyabrın 11-də, 2022-ci il martın 16-da, iyulun 5-də və avqustun 26-da dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə sənədlər təqdim olunsa da, partiya hər dəfə müəyyən iradlarla üzləşib, bundan sonra məsələnin məhkəmə yolu ilə həllinə qərar verib. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə Ədliyyə Nazirliyinin qanunvericiliyi pozaraq qurumun qeydiyyatını yubatdığı vurğulanıb, məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulması istənib. 2022-ci il sentyabrın 27-də məhkəmə şikayətə baxılmasını mümkünsüz sayıb. Ali Məhkəməyə şikayətdə həmin qərarın ləğvi istənib. Amma Ali Məhkəmə noyabrın 22-də təqdim olunmuş həmin şikayətə baxmayıb. Dekabrın 22-də ADR Partiyası yenidən Ədliyyə Nazirliyinə sənədlər təqdim edib.
2023-cü il yanvarın 11-də “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minib. Yanvarın 12-də ADR Partiyasının sədri Qubad İbadoğlu partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam sərəncamı imzalayıb, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı Ali Məclisin verəcəyini bəyan edib.
1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədi, London İqtisadiyyat Məktəbinin professorudur.
ADR-in rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik və başqa şəxslər yer alır.
Partiyaların yeni qanunu qüvvəyə mindi