AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli müxalif siyasətçi Tofiq Yaqublunu aclıq aksiyasını dayandırmağa çağırıb. Novator.az-ın məlumatına görə, yanvarın 18-də yayılan müraciətdə qeyd olunur ki, Tofiq Yaqublunun başlatdığı, əqidədaşların qoşulduğu aclıq aksiyası mümkün nəticələri əldə edib: “Xalqımız hamılıqla siyasi məhbuslara azadlıq istəyir, sən və Bəxtiyar Hacıyev başda olmaqla siyasi məhbusların azadlığı tələbi ölkə gündəminin əsas mövzusudur. Beynəlxalq birlik də sənə və Bəxtiyar Hacıyevə azadlıq tələbi qoyur, digər siyasi məhbusların azadlığa çıxması üçün səylərini artıracağını bildirir.
Bilirəm ki, səhhətindəki problemlər nə qədər kəskin olsa da, qarşıdakı günlər ərzində də iradə gücünə aclıq aksiyasını davam etdirə bilərsən. Aclıq edən əqidədaşlarımızda da bu iradəni görürəm. Ancaq sənin, yoldaşın Maya Yaqublunun, aclıq edən digər dostlarımızın səhhətinin pisləşdiyini də görürəm.
Xüsusilə də sənin səhhətində ciddi problemlər yaranacağından narahatam. Hələ həbsindən əvvəl səhhətin çox pis idi. Ardıcıl iki cərrahi əməliyyat keçirmişdin. Həbsdə rəsmi aclıq aksiyası başlayana qədər yarımac qaldığını da bilirəm. Ona görə də inzibati həbsin başa çatmasını gözləmədən aclığı elə bu gün dayandırmağını xahiş edirəm”.
Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında aclıq edən Tofiq Yaqublunun tutulduğu gündən bəri 12 kiloqram çəki itirdiyi bildirilir.
Paytaxtda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb və Tofiq Yaqublu Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində aclıq aksiyasına başlayıb, buna görə səhhəti pisləşib, yanvarın 11-də 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülüb.
Tofiq Yaqublu aclıq aksiyasını həbsinin əsassız olması və məntəqədə görüşlərə, sovqat gətiriliməsinə əngəl yaradılması ilə əsaslandırır.
Siyasətçinin həyat yoldaşı Maya Yaqublu da yanvarın 7-dən evdə (Bakının Qaraçuxur qəsəbəsi) aclıq edir. Bir çox müxalif fəal isə Müsavat Partiyasının paytaxtdakı mərkəzi qərargahında və Ağdaşda Tofiq Yaqubluya aclıqla dəstək verir.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.
Tofiq Yaqubluya 30 sutka həbs cəzası verilib
Vəkil Tofiq Yaqubluya baş çəkib
Tofiq Yaqublu: yoldaşı da aksiyaya başlayıb
Tofiq Yaqubluya dəstək aksiyası böyüyür
Tofiq Yaqublu aksiyası: kimlər aclıq edir?
Həkim Tofiq Yaqublunun xəstəxanaya köçürülməsini təklif edir
Tofiq Yaqublu xəstəxanaya köçürülüb
“Azadlıq Tofiq Yaqublunun haqqıdır”
Tofiq Yaqublu sistem köçürülməsindən imtina edib