Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır.
Novator.az bildirir ki, ölkədə kişilər 65, qadınlar 63 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.
Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya göstəricisinin gözlənən pensiya ödənişi müddətinin aylarının sayına (144) vurulmasından yaranan minimum pensiya kapitalı tələb olunur.
2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır.
Əks halda pensiya yaşı çatan şəxsə yaşa görə müavinət verilir. Yaşa görə müavinətin məbləği 2023-cü il yanvarın 1-dən 220 manatdır.
İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu bu cür pensiya sisteminin ədalətsiz olduğunu yazır: “Pensiyanın minimum məbləğinin 280 manat müəyyən edilməsi o deməkdir ki, şəxs minimum məbləğlə pensiya hüququ əldə etmək üçün onun siğorta hesabında azı 40320 manat (280 manat x 144 ay) toplanmalıdır. Hesablamalar göstərir ki, 40320 manatı ayda 500 manat maaş alan şəxs 30 ilə toplaya bilər. Aylıq 500 manat maaş ilə 6000 manat eləyir, onun 25 faizi (1500 manat) Dövlət Sosial Müdafiə Fonduna köçürülür. Fond yığılmış sığorta kapitalının 10 faizini (150 manat) özünə götürür, 90 faizini (1350 manat) şəxsin hesabına yükləyir.
İllik 1350 manat sığorta kapitalı hesabı ilə 40320 manatı yığmaq üçün 30 ilə yaxın vaxt gərəkdir (40320/1350 = 29,86). Yəni minimum məbləğdə pensiya almaq hüququ qazanmaq üçün 30 ilə yaxın fasiləsiz işləmək və hər ay orta hesabla 500 manat maaş almaq lazımdır.
Gələn il minimum pensiya 320 manata qaldırılsa, minimum pensiya kapitalı 46080 manata yüksələcək, onda 500 manat əməkhaqqı alan 34,1 il işləməli olacaq, 2025-ci ildə minimum pensiya 360 manata yüksəlsə, bu məbləğ 51840 manat olacaq, onda 500 manatlıq əməkhaqqı ilə 38,4 il fasiləsiz işləmək lazım gələcək”.