Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu yanvarın 12-də yaydığı müraciətin bəzi media quruluşlarında yanlış təqdim olunduğunu bildirir. Həmin müraciətdə qeyd olunmuşdu ki, yanvarın 11-dən qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanun dövlət qeydiyyatına alınmayan partiyanın fəaliyyətini yasaqlayır: “Fəaliyyətimizi qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Bununla əlaqədar partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam. Partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı Ali Məclis verəcək”.
Novator.az-ın məlumatına görə, yeni açıqlama yayan siyasətçi bildirir ki, bəzi media quruluşları 12 yanvar müraciətini ADR Partiyasının buraxılması kimi təqdim edib: “Partiyanın nizamnaməsinə əsasən, qurumun fəaliyyətinə onun qurultayında iştirakçıların üçdə iki hissəsinin razılığı ilə xitam verilə bilər. Sədri, Mərkəzi Nəzarət-Təftiş Komissiyasını, Ali Məclisi və İdarə Heyətini qurultay seçdiyi üçün bu barədə son qərar da qurultayda veriləcək.
Sədr müavinlərinin təyinatı və İcra Aparatının formalaşdırılması partiya sədrinin səlahiyyəti olduğuna görə onların fəaliyyətinə xitam verilib. Bu da “Siyasi partiyalar haqqında” yeni qanunun partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verməməsindən irəli gələn məcburi qərardır. Bu qərar ADR-in iddiasından geri çəkilməsi kimi qiymətləndirilməli deyil, əksinə, demokratik dəyərlərə və sosial ədalətə əsaslanan idarəçiliyin bərqərar olduğu hüquqi dövlət və rifah cəmiyyəti uğrunda mübarizədə həmişəki kimi bundan sonra da varıq.
11 yanvar 2023-cü ildə imzalanmış “Siyasi partiyalar haqqında” yeni qanun vətəndaşların hüquq və bərabərliyinin pozulmasına, siyasi fəaliyyət imkanlarının məhdudlaşdırılmasına gətirib çıxardığı, Avropa İnsan Hüquqları Konvensiyasına, Azərbaycan Konstitusiyasına zidd olduğu üçün onun icrasının dayandırılmasına, ADR Partiyasının qeydiyyata alınmasına və üzvlərin siyasi hüquqlarının bərpasına çalışacağıq”.
2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Həmin il noyabrın 11-də, 2022-ci il martın 16-da, iyulun 5-də və avqustun 26-da dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə sənədlər təqdim olunsa da, partiya hər dəfə müəyyən iradlarla üzləşib, bundan sonra məsələnin məhkəmə yolu ilə həllinə qərar verib. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə Ədliyyə Nazirliyinin qanunvericiliyi pozaraq qurumun qeydiyyatını yubatdığı vurğulanıb, məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulması istənib. 2022-ci il sentyabrın 27-də məhkəmə şikayətə baxılmasını mümkünsüz sayıb. Ali Məhkəməyə şikayətdə həmin qərarın ləğvi istənib. Amma Ali Məhkəmə noyabrın 22-də təqdim olunmuş həmin şikayətə baxmayıb. Dekabrın 22-də ADR Partiyası yenidən Ədliyyə Nazirliyinə sənədlər təqdim edib.
1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədi, London İqtisadiyyat Məktəbinin professorudur.
ADR-in rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik və başqa şəxslər yer alır.