Çexiyada prezident seçkisi ikinci tura adlayıb. Novator.az-ın məlumatına görə, yanvarın 13-14-də keçirilmiş ilk turda 8 namizəd mübarizə aparıb, partiyasız iddiaçı, istefada olan ordu generalı Petr Pavel (35,3 faiz səs) və Narazı Vətəndaşlar Aksiyasının lideri, sabiq baş nazir Andrey Babiş (35 faiz səs) önə çıxıb. Onlar yanvarın 27-28-nə təyin olunmuş ikinci turda mübarizə aparacaqlar.
Ümumxalq seçkisində 5 il müddətinə seçilən prezident Çexiyada dövlət başçısı və Silahlı Qüvvələrin ali baş komandanı sayılır. 2013 və 2018-ci illərdə Miloş Zeman prezident seçilib.
Ölkədə icra hakimiyyətini parlamentin aşağı palatasına seçkinin nəticəsi əsasında qurulan hökumət həyata keçirir. 2021-ci ildən Vətəndaş Demokrat Partiyasının lideri Petr Fiala baş nazirlik edir.