2022-ci il fevralın 8-dən qüvvədə olan “Media haqqında” qanun Media Reyestri tələbi qoyur. Media subyektlərinin reyestrdən keçməsi mütləqdir.
2022-ci il sentyabrın 26-da Media Reyestrinin aparılması qaydaları təsdiqlənib, oktyabrın 14-də sistem işə düşüb. Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində (2023-cü il aprelin 14-dək) bu işə məsul Medianın İnkişafı Agentliyinə müraciət etməlidir. Əks halda agentlik məhkəmə qarşısında onların fəaliyyətinin qanuna uyğunsuzluğu məsələsini qaldıra bilər.
Reyestrə çap mediası və onlayn media subyektləri haqqında bir çox bilgilər, o cümlədən media subyektinin hüquqi və faktiki ünvanı; VÖEN-i; idarəetmə orqanının rəhbərinin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları; məsul redaktorun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları; media subyektində işləyən jurnalistlərin siyahısı (adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları) daxil edilir.
Media Reyestrinə media subyekti kimi daxil edilmək üçün müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmalı; fiziki şəxs olduqda fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır.
Təsisçi fiziki şəxs olduqda Azərbaycanda daimi yaşayan Azərbaycan vətəndaşı olmalıdır; təsisçi hüquqi şəxs olduqda onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycanda daimi yaşayan Azərbaycan vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır.
Qanuna görə, ayda azı 1 dəfə davamlı yayımlanan, birdəfəlik tirajı 100 nüsxədən çox olan, ildə azı 12 dəfə çap olunan qəzetlər və ildə azı 2 dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər dövri nəşrdir.
Qəzetlər bu dövriliklə çap olunur: həftəlik qəzet – həftədə azı 1 dəfə; günaşırı qəzet – həftədə azı 3 dəfə; gündəlik qəzet – həftədə azı 5 (beş) dəfə.
Bu qəzetlər davamlı yayımlanan nəşr hesab olunur: 1 il ərzində 12 nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan gündəlik qəzetlər; 1 il ərzində 9 nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan günaşırı qəzetlər; 1 il ərzində 6 nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan həftəlik qəzetlər.
İldə azı 2 dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər davamlı yayımlanan dövri nəşr hesab olunur.
Onlayn media subyekti (redaksiyaları) hər ay 20 gün ərzində gündəlik azı 20 özəl kütləvi informasiya (dövlət orqanlarının (qurumlarının) rəsmi məlumatları və agentliklərin informasiyaları nəzərə alınmadan) dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur.
Medianın İnkişafı Agentliyi 2021-ci il yanvarın 12-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (2009-cu il aprelin 3-dən fəaliyyət göstərib) əsasında publik hüquqi şəxs kimi yaradılıb.