Avropa İnsan Hüquqları Məhkəməsi yanvarın 19-da Azərbaycandan şikayətlər üzrə qərarlar elan edəcək.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.
Aihmaz.org xəbər verir ki, “Xural” qəzeti və nəşrin baş redaktoru Əvəz Zeynallı (2011-2014-cü illərdə həbsdə olub, 2022-ci ildə yenidən tutulub) 2010-cu ildə dərc edilmiş iki məqaləyə görə kəsilən cərimədən şikayətçidir. Həmin məqalələrdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (2021-ci il yanvarın 12-də Medianın İnkişafı Agentliyinə çevrilib) icraçı direktoru Vüqar Səfərli (2021-ci ildən həbsdədir) də tənqid edilib. Məhkəmə Vüqar Səfərlinin şikayəti əsasında “Xural” qəzetini 5 min manat cərimələyib. Ərizəçilər Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat altına alınan ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirlər.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin (2011-ci ildən Fransada yaşayır) şikayəti 2007-ci ildə tutularaq qəsdən sağlamlığa orta ağır zərər vurma və xuliqanlıq ittihamı ilə azadlıqdan məhrum edilməsi ilə bağlıdır (2010-cu ildə azadlığa buraxılıb).
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin şikayəti 2009-cu ildə Dövlət Neft Şirkətinə göndərilən informasiya sorğusuna cavab ala bilməmə və yerli məhkəmələrə bu barədə müraciətlərin nəticəsiz qalmasını əhatə edir, ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş verdiyi iddia olunur.
Jurnalist Yaşar Ağazadə şikayətində 2010-cu ildə baş nazirə göndərdiyi informasiya sorğusunun cavabsız qaldığını, məhkəmələrə bu barədə müraciətlərin nəticə vermədiyini bildirib, ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə məsələsini qaldırıb.