ABŞ Dövlət Departamenti İrandan gələn təhdidləri nəzərə alaraq iki keçmiş məmurun dövlət mühafizəsi ilə təmin olunması müddətini uzadıb.
Söhbət Mayk Pompeodan və Brayn Hukdan gedir.
Hər iki şəxs 2017-2020-ci illərdə ABŞ prezidenti olmuş Donald Trampın hakimiyyəti dövründə Ağ evdə çalışıb.
Mayk Pompeo 2018-ci ilin aprelindən 2021-ci ilin yanvarınadək ABŞ-ın dövlət katibi postunu tutub.
Barayn Huk 2018-ci ilin sentyabrından 2020-ci ilin avqust ayınadək ABŞ prezidentinin İran üzrə xüsusi nümayəndəsi, eyni zamanda dövlət katibinin baş siyasi müşaviri olub.
Novator.az bildirir ki, Mayk Pompeo ilə Brayn Hukun dövlət mühafizəsi ilə təmin olunması müddətinin uzadılması xəbərini ABŞ-ın “Associated Press” agentliyi yayıb.
Dövlət Departamentinin məsələ ilə bağlı Konqresə göndərdiyi məktubların surətlərini əldə edən “Associated Press” vurğulayır ki, həmin sənədlərdə Mayk Pompeo və Brayn Huka qarşı təhdidlərin hələ sovuşmadığı qeyd edilib.
“Associated Press”in xəbərinə görə, Konqresə göndərilmiş məktubları ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Con Bass imzalayıb.
Donald Trampın prezidentliyi dövründə ABŞ-ın İrana qarşı təzyiq kampaniyasına Mayk Pompeo ilə Brayn Hukun rəhbərlik etdiyini bildirən “Associated Press” agentliyi 2022-ci ilin yayında yayılmış məlumatlara istinadla İran rejiminin Pompeonu, Huku, həmçinin 2018-2019-cu illərdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Con Boltonu öldürməyə cəhd göstərdiyini xatırladır.
Agentlik qeyd edir ki, Mayk Pompeonun dövlət mühafizəsi ilə təmin olunması müddəti yeddinci, Brayn Hukun isə onuncu dəfədir uzadılır.
Pompeo dövlət katibi işlədiyinə görə postundan gedəndən sonra avtomatik şəkildə bir neçə ay dövlət mühafizəsi altında olub. Ona görə onun İran təhlükəsi ilə əlaqədar dövlət mühafizəsi ilə təmin olunması haqda qərar istefasından dərhal sonra yox, bir müddət sonra qəbul edilib.
Brayn Huk isə istefaya gedəndə avtomatik şəkildə dövlət mühafizəsinə düşmədiyi üçün onun mühafizə ilə təmin olunması haqda qərar istefasından dərhal sonra qəbul edilib.
Mayk Pompeo ilə Brayn Hukun dövlət mühafizəsi ilə təmin olunması müddətlərinin uzadılma sayı arasındakı fərq də bundan irəli gəlir.
“Associated Press”in məlumatına görə, Mayk Pompeo ilə Brayn Huku qorumaq üçün dövlət ayda 2 milyon dollar xərcləyir.
Mənbə: Apnews.com