Siyasətçi Tofiq Yaqublu aclıq aksiyasını davam etdirir. Yanvarın 12-də Bakıdakı 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına baş çəkən qızı Nigar Həzi Novator.az-a deyib ki, görüş üçün müraciətinə cavab gözləyir: “Səhhətinin ağırlaşmasına baxmayaraq atam aclığı davam etdirir, tələbinin yerinə yetirilməsini – azadlığa buraxılmasını istəyir. Azadlıq Tofiq Yaqublunun haqqıdır”.
Tofiq Yaqublu 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yanvarın 11-i axşam köçürülüb.
Bakıda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb və Tofiq Yaqublu Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində aclıq aksiyasına başlayıb, buna görə səhhəti pisləşib. Yanvarın 11-də tibb elmləri doktoru Adil Qeybulla Tofiq Yaqubluya baş çəkəndən sonra onun dərhal xəstəxanaya köçürülməsi zərurəti yarandığını bəyan edib.
Tofiq Yaqublu aclıq aksiyasını həbsinin əsassız olması və məntəqədə görüşlərə, sovqat gətiriliməsinə əngəl yaradılması ilə əsaslandırır.
Yanvarın 7-də Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu Bakının Qaraçuxur qəsəbəsindəki evində aclığa başlayıb. Bir çox müxalif fəal bu aksiyaya qoşulub.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.
Siyasətçinin qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə, onun həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi 2014-2019-cu illərdə həbsdə olub.
Tofiq Yaqublunun digər qızı, müsavatçı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Tofiq Yaqubluya 30 sutka həbs cəzası verilib
Vəkil Tofiq Yaqubluya baş çəkib
Tofiq Yaqublu: yoldaşı da aksiyaya başlayıb
Tofiq Yaqubluya dəstək aksiyası böyüyür
Tofiq Yaqublu aksiyası: kimlər aclıq edir?
Həkim Tofiq Yaqublunun xəstəxanaya köçürülməsini təklif edir