Azərbaycanlı fəalların Laçın yolunun Şuşa şəhəri yaxınlığındakı hissəsində oturaq aksiyasının bir ayı tamam olur. Əsas tələb Yuxarı Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasıdır.
İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” şirkətinin nümayəndələri keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında monitorinq aparmaq istəyir. Rusiya hərbi qüvvələrinin Xocalıdakı qərargahında komandanlıqla 2022-ci il dekabrın 3-də və 7-də keçirilmiş görüşlərdə yataqlara yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunub.
Dekabrın 10-da ermənilər Azərbaycan nümayəndələrinin Qızılbulaq və Dəmirli yataqlarına baş çəkməsini əngəlləyib.
Dekabrın 12-si səhərdən azərbaycanlı fəallar Yuxarı Qarabağdan Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığında oturaq aksiya keçirərək Azərbaycan nümayəndələrinin Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkməsinə şərait yaratmaq tələbi qoyub.
Azərbaycan nümayəndələri dekabrın 16-sı Xocalıda Rusiya hərbi qüvvələrinin komandanlığı ilə daha bir görüş keçirib, ancaq Qızılbulaq və Dəmirli yataqlarında monitorinqə yenə şərait yaradılmayıb.
Dekabrın 28-də Yuxarı Qarabağdakı işğalçı rejim yataqlarda işin müvəqqəti dayandırıldığını, beynəlxalq ekoloji ekspertiza üçün müraciət olunacağını bəyan edib.
Novator.az-ın məlumatına görə, 2023-cü il yanvarın 10-da ölkənin bir qrup telejurnalistinə müsahibə verən prezident İlham Əliyev Laçın yolundakı aksiyaya belə münasibət bildirib: “Bu aksiyanın tarixçəsini indi hər kəs bilir. Bizi qanunsuz istismar edilən mədənlərə buraxmayıblar. Oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq”.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.