London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu yanvarın 12-də ictimaiyyətə müraciət yayıb. Novator.az-ın məlumatına görə, o vurğulayır ki, yanvarın 11-dən qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanun, fundamental azadlıqlara zidd olaraq, dövlət qeydiyyatına alınmayan partiyanın fəaliyyətini yasaqlayır: “Fəaliyyətimizi qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Bununla əlaqədar partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam. Partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı Ali Məclis verəcək.
Böyük ehtimalla fəaliyyətimizi bundan sonra dövlət qeydiyyatına alınmış Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı olaraq davam etdirəcəyik. Hədəfimiz Azərbaycanda demokratik dəyərlərlə idarə olunan hüquqi dövlət və rifah cəmiyyətidir. ADR-in Azərbaycan xalqının dəstəyi ilə bu hədəflərə tezliklə çatacağına şübhəmiz yoxdur, daha böyük güclə və iddia ilə mübarizəmiz davam edəcək”.
2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib. Həmin il noyabrın 11-də, 2022-ci il martın 16-da, iyulun 5-də və avqustun 26-da dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə sənədlər təqdim olunsa da, partiya hər dəfə müəyyən iradlarla üzləşib, bundan sonra məsələnin məhkəmə yolu ilə həllinə qərar verib. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə Ədliyyə Nazirliyinin qanunvericiliyi pozaraq qurumun qeydiyyatını yubatdığı vurğulanıb, məhkəmədən nazirliyin boynuna partiyanı dövlət qeydiyyatına almaq öhdəliyi qoyulması istənib. 2022-ci il sentyabrın 27-də məhkəmə şikayətə baxılmasını mümkünsüz sayıb. Ali Məhkəməyə şikayətdə həmin qərarın ləğvi istənib. Amma Ali Məhkəmə noyabrın 22-də təqdim olunmuş həmin şikayətə baxmayıb. Dekabrın 22-də ADR Partiyası yenidən Ədliyyə Nazirliyinə sənədlər təqdim edib.
ADR-in rəhbərliyində Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik və başqa şəxslər yer alır.
Partiyaların yeni qanunu qüvvəyə mindi