Azərbaycanın Yuxarı Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Araik Arutunyan yanvarın 11-də yeni “nazirlər” təyin edib. Novator.az bildirir ki, Sergey Kazaryan “xarici işlər naziri”, Srbui Arzumanyan “ədliyyə naziri”, Aram Sərkisyan “şəhərsalma naziri”, Armen Manqasaryan “sosial inkişaf və miqrasiya naziri” kürsüsünə gətirilib.
İşğalçı rejimdə kadr yenilikləri 2022-ci ilin noyabr ayından aparılır. Proses noyabrın 4-də Ruben Vardanyanın “dövlət naziri” (hökumət başçısı) postuna təyinatı ilə başlayıb. 1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Rusiyada sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınıb, milyarderdir. O, 2022-ci il sentyabrın 1-də Qarabağa köçdüyünü açıqlayıb.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü il mayın 12-də elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və bu əməliyyatlar nəticəsində əldə edilən razılaşmalarla ərazilərin böyük hissəsi azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.
İşğalçı rejimdə 1991-ci ildən bəri 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.
Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib.
Araik Arutunyan rəhbərliyə 2020-ci il mayın 21-də gəlib.
Ruben Vardanyan hakimiyyətə gətirilir
Ruben Vardanyan işğalçı rejimdə vəzifə tutmağa razılaşdı
Ruben Vardanyan işğalçı rejimdə post aldı
İlham Əliyev Ruben Vardanyandan danışdı
İşğalçı rejimin 9 “naziri” postdan getdi