Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində aclıq edən siyasətçi, Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqubluya dəstək aksiyasından yeni bilgi yayılıb.
Paytaxtda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.
Tofiq Yaqublu yanvarın 5-dən aclıq edir, aksiyanı həbsinin əsassız olması və məntəqədə görüşlərə, sovqat gətiriliməsinə əngəl yaradılması ilə əsaslandırır.
Yanvarın 7-də Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu Bakının Qaraçuxur qəsəbəsindəki evində aclığa başlayıb.
AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli yazır ki, cəbhəçilər Gülnarə Rəhimova və Günel Babayeva Maya Yaqublu ilə birgə aclıq edirlər.
Müsavat Partiyasının Binəqədi rayonundakı mərkəzi qərargahında aclıq edən şəxslərin 1-i müsavatçı (Əziz Məmiyev), 11-i AXCP üzvüdür (Babək Həsənov, Ceyhun Novruzov, Zamin Salayev, Seymur Əhmədsoy, İsmayəddin Qasımov, Zəkərulla Nağıyev, Tofiq Məmmədov, Təvəkkül Həsənov, Sakit Məmmədov, Elnur Quliyev, Əlizamin Kazımov).
Bütün aksiyaçılar Tofiq Yaqubluya və siyasi motivlərlə tutulmuş başqa şəxslərə azadlıq, inzibati həbs məntəqəsində saxlanma şəraitini yaxşıladırmaq tələbləri qoyub.
Tofiq Yaqubluya 30 sutka həbs cəzası verilib
Vəkil Tofiq Yaqubluya baş çəkib