İnzibati həbsdə aclıq aksiyası keçirən siyasətçi Tofiq Yaqubluya dəstək artır. “Turan”ın məlumatına görə, yanvarın 9-da 7 müxalif fəal Müsavat Partiyasının Bakının Binəqədi rayonundakı mərkəzi qərargahında aclığa başlayıb. 6-sı AXCP üzvü, 1-i müsavatçı olan aksiyaçılar Tofiq Yaqubluya və siyasi motivlərlə tutulmuş başqa şəxslərə azadlıq tələbi qoyub.
Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində saxlanan Tofiq Yaqublu yanvarın 5-dən aclıq edir. Siyasətçi aksiyanı həbsinin əsassız olması və məntəqədə görüşlərə, sovqat gətiriliməsinə əngəl yaradılması ilə əsaslandırır.
Bakıda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.
Yanvarın 7-də Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu Bakının Qaraçuxur qəsəbəsindəki evində aclığa başlayıb. Yanvarın 8-də AXCP-nin iki üzvü aksiyaya qoşulub.
Demokratik Qüvvələrin Milli Şurasının bəyanatında qeyd olunur ki, Tofiq Yaqublu heç bir inzibati xəta törətmədiyi halda 30 sutka inzibati həbs cəzası alıb. Siyasətçinin inzibati həbs məntəqəsində qeyri-insani duruma etiraz olaraq aclıq aksiyasına başladığını vurğulayan Milli Şura bildirir ki, inzibati cəza almış şəxslər ailə üzvləri ilə görüş və onların gətirdiyi sovqatı qəbul etmək hüququndan məhrum edilir, bəzi hallarda hətta vəkillərlə görüş polis nəzarəti altında keçirilir: “Milli Şura Tofiq Yaqublunun qanunsuz və əsassız inzibati həbsinə etiraz edir, məhkumlara və inzibati qaydada saxlananlara qarşı qeyri-insani davranışlara son qoyulmasını istəyir. Məhkum edilən və saxlanan şəxslərin Azərbaycan qanunvericiliyi ilə qorunan hüquqlarına hörmət olunmalı, onlara maneəsiz şəkildə doğmaları və vəkilləri ilə görüş imkanı yaradılmalıdır. Məhkum edilən və saxlanan şəxslərin normal qidalandırılması, xəstələrin müalicə müəssisəsinə köçürülərək tibbi nəzarət altına alınması dövlətin konstitusion vəzifəsidir, dövlət bu sahədə mövcud olan korrupsiya və səhlənkarlıq hallarının qarşısını almalı, öz konstitusion vəzifəsini icra etməlidir”.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, başqa müxaliflər, o cümlədən Tofiq Yaqublu təmsil olunur.
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.
Tofiq Yaqubluya 30 sutka həbs cəzası verilib
Vəkil Tofiq Yaqubluya baş çəkib