ABŞ-ın “Politico” qəzeti Rusiyanın Ukraynaya kiberhücumlarından yazıb.
2022-ci ilin fevralından Rusiya Ukraynada total müharibə aparır. Novator.az-ın məlumatına görə, “Politico” yazır ki, Rusiyanın Ukraynaya hərbi hücumları ilə kiberhücumları arasında uyğunluqlar müşahidə olunur. Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin sədr müavini Viktor Jora “Politico”ya deyib ki, Kiyev rəqəmsal müharibəni Moskvanın törətdiyi hərbi cinayətlərin tərkib hissəsi sayır: “Çünki kiberhücumların bir çoxu hərbi hücumlara yardım xarakteri daşıyır. Üstəlik, hərbi sahədə olduğu kimi kibernetik sahədə də hücumların əksəri mülki şəxslərə qarşı yönəlib. Ona görə bu cür hücumlar birbaşa müharibə cinayəti hesab edilməlidir”.
“Politico” xatırladır ki, Rusiya qoşunlarının Ukraynada törətdiyi dağıntıların, qətllərin hərbi cinayət kimi araşdırılması üçün Kiyev 2022-ci ildə Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib: “İndi Ukrayna rəsmiləri Rusiyanın törətdiyi cinayətlərin hərtərəfli mühakimə olunmasına yardım göstərmək məqsədilə hərbi əməliyyatların tərkib hissəsi olan kiberhücumlara dair sübutları da toplayıb Beynəlxalq Cinayət Məhkəməsinə ötürürlər”.
“Politico” yazır ki, Rusiyanın Ukraynaya kiberhücumlarının müharibə cinayəti kimi tanınması hüquqi müstəvidə bir yenilik olardı.
Viktor Jora qəzetə açıqlamasında yada salıb ki, Rusiya Ukraynadakı kritik infrastruktura da zərbələr endirir. O, misal kimi 2022-ci ilin iyulunda Ukraynanın enerji sahəsində ən böyük özəl şirkəti olan “DTEK Group”un istilik elektrik stansiyalarına hücumları göstərib. Viktor Jora bildirib ki, həmin stansiyalara raket zərbələri endirildiyi anda “DTEK Group”un məlumat bazasına, informasiya şəbəkəsinə qarşı da məqsədyönlü kiberhücumlar həyata keçirilib.
Viktor Jora Ukraynanın Odessa, Lvov və Nikolayev şəhərlərində də Rusiyanın oxşar əməliyyatlar apardığını söyləyib. O, hərbi hücumlarla eyni vaxtda bu şəhərlərin internet provayderlərinə, yerli hakimiyyət orqanlarının məlumat bazalarına, saytlarına kiberhücumlar olduğunu bildirib: ”Bu hücumlar birbaşa Ukrayna vətəndaşlarının ciddi ehtiyac duyduğu resursların – informasiya xidmətlərinin, informasiya texnologiyaları infrastrukturunun, elektrik şəbəkələrinin, telekommunikasiyanın fəaliyyətinə mənfi təsir göstərib”.
Moskvanın Ukraynanın informasiya məkanında tək kiberhücumlarla məşğul olmadığını, təbliğat və dezinformasiya yolu ilə də çaxnaşma yaratmağa çalışdığını yazan “Politico” daha bir məqama diqqət çəkir: Rusiya sosial şəbəkələrin Ukrayna seqmentinə soxulub oradan məlumatlar yığır. Qəzet Moskvanın həmin məlumatlardan hərbi cinayətləri ifşa edən insanları aşkarlayıb hədəfə almaq, işğal olunmuş ərazilərdə Ukraynanı dəstəkləyən, Ukrayna dövlətinə, ordusuna qulluq etmiş insanları yaxalamaq üçün yararlandığını vurğulayır. Bildirilir ki, Rusiya işğal etdiyi torpaqlarda belə insanları tapanda əsir götürür, işgəncəyə məruz qoyur, qətlə yetirir.
Viktor Jora Rusiyanın qanunsuz informasiya əməliyyatlarının – məlumatları toplayıb ondan cinayət məqsədilə istifadə etməsinin, kiberhücumlarının, dezinformasiyalarının miqyasını, fəsadlarını beynəlxalq səviyyədə müzakirəyə çıxarmağın vaxtı çatdığını deyib: “Biz hazırkı savaşda üzləşdiyimiz, 2022-ci ilə qədərki hərbi əməliyyatlarda rast gəlmədiyimiz yeni növ terror hücumlarını təsnif edə bilmək üçün tamamilə yeni terminlər, ideyalar üzərində düşünürük”.
Mənbə: Politico.eu