Müsavat Partiyasının Mətbuat və İnformasiya Departamentinin rəhbəri, Divan üzvü Mustafa Hacıbəyli yanvarın 10-da Novator.az-ın suallarını cavablandırıb.
– 2023-cü ildə Müsavat Partiyasının 10-cu qurultayı keçirilməlidir. Nizamnaməyə görə, qurultay 4 ildən bir çağırılır. 9-cu qurultay 2019-cu il oktyabrın 13-də olub. Partiyada 10-cu qurultayla bağlı müzakirələr aparılırmı, ilkin planlar varmı?
– Şadam ki, Müsavat hər zaman olduğu kimi diqqət mərkəzindədir. Özünü demokratik qurum sayan bir çox partiya nizamnamələrini pozaraq illərlə nə qurultay keçirir, nə də başqa bir strukturunun toplantısını, heç bu pozuntular medianın da diqqətini çəkmir…
Müsavatın qurultayı bu ilin sonuna nəzərdə tutulur. Hazırlıq işlərini və hakimiyyətin törədəcəyi mümkün əngəllər nəzərə almaqla bir neçə ay o tərəf bu tərəf ola bilər, amma qurultayımızı mütləq keçirəcəyik.
Qurultay barədə cəmiyyətə qabaqcadan məlumat veriləcək və partiyanın müxtəlif seçkili orqanlarına namizədlərin təbliğat kampaniyası yenə təkcə Müsavat daxilində deyil, bütövlükdə ölkə ictimaiyyətinin diqqət mərkəzində olacaq.
– Qurultayın əsas səlahiyyətlərindən biri partiya başqanını seçməkdir. 2014 və 2019-cu illərin qurultaylarında Arif Hacılı başqan seçilib. Nizamnamə ardıcıl iki müddətdən artıq başqan seçilməyə yasaq qoyur. Müşahidələr nə göstərir: başqanlıq iddiasında olanlar, namizədliyini irəli sürmək istəyənlər varmı? Məsələn, bir veteran müsavatçı kimi Sizin namizədliyinizi gözləmək olarmı? Yaxud 1992-2014-cü illərdə başqanlıq etmiş İsa Qəmbərin namizəd olması gözlənirmi?
– Müsavat Partiyasının nizamnaməsinə görə, tək başqan deyil, nəzarət-təftiş qurumlarının, rayon (şəhər) təşkilatlarının, Naxçıvan Muxtar Respublikası təşkilatının və xüsusi statuslu təşkilatların sədrləri də ardıcıl iki müddətdən artıq eyni vəzifəyə seçilə bilməz. Bu, Müsavatı başqa siyasi qurumlardan fərqləndirən əsas müddəalardan biridir. Bizi fərqləndirən digər müddəalar bütün partiya orqanlarına və seçkili vəzifələrə seçkilərin və onlardan xaric etmənin gizli səsvermə ilə aparılması, partiyanın bütün seçkili kollegial orqanlarında yerlərin ən azı dörddə birinin qadınlar üçün ayrılmasıdır.
Biz Əliyev iqtidarından tələb edirik ki, hakimiyyətdən əbədi yapışmasın. Təkcə tələb etmirik, həm də nümunə göstəririk. Biz iqtidardan şəffaf, demokratik seçki tələb edirik, həm də nümunə göstəririk. Bizdə seçki keçiriləndə jurnalistlər səslərin sayılmasını canlı yayımlayır.
Demokratik idarəçiliyin üstünlükləri ilə yanaşı problemləri də var. İstər iqtidar, istər Müsavatı özünə rəqib görən partiyalar daxili seçki prosesinə müdaxilə etməyə, namizədlər arasında rəqabətdən yararlanmağa çalışırlar. Özlərinə rəqib saydıqları namizədin alternativini dəstəkləməyə, seçkidəki rəqabətdən doğan ziddiyyətləri körükləməyə çalışırlar. Amma bu problemlərə rəğmən biz demokratik prosedurlara sadiq qalırıq.
Başqanlığa namizədlərin kim olacağına gəlincə, hələlik rəsmən heç kəs namizədliyini irəli sürməyib. Amma dəhlizlərdə müəyyən müzakirələr gedir. Yenə də rəqabətli, maraqlı bir seçki olacaq.
– 2022-ci il dekabrın 16-da Milli Məclis “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsini son oxunuşda qəbul edərək imzalanmaq üçün prezidentə göndərib. Layihə dövlət qeydiyyatına alınmaq üçün partiyanın azı 5000 üzvü olması tələbini nəzərdə tutur. Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 min nəfərə çatdırmalı, üzvlərinin reyestrini hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etməlidir. 1992-ci il iyunun 3-də qəbul edilmiş indiki qanunla siyasi partiyanın qeydiyyatı üçün 1000 üzv kifayətdir. Yenilik rəsmiləşsə, 1992-ci il dekabrın 8-dən dövlət qeydiyyatında olan Müsavat Partiyasına problemlər yarada bilərmi?
– Hakimiyyət partiyalar qanununu məhz ona görə dəyişdirir ki, bundan müxalifətə qarşı istifadə etsin. Biz nəinki 180 gün ərzində, günü sabah 5 min nəfərin siyahısını Ədliyyə Nazirliyinə təqdim edə bilərik. Amma hakimiyyət bu siyahıdakı şəxsləri təqib etməyə başlayacaq. Birini işdən çıxaracaq, birini şantaja məruz qoyub istefa ərizəsinə vadar edəcək… Hakimiyyət yeni qanundan yedək partiyaların dilini daha da gödək etmək, müxalifət partiyalarını isə bağlamaq üçün istifadə etməyə çalışacaq.
Əliyev iqtidarı bilir ki, onu qarşıda çətin günlər gözləyir. Azərbaycandakı rejimin əsas dayaqları olan Putinin Rusiyada, Ərdoğanın Türkiyədə hakimiyyətdən getmək ehtimalları çoxalıb. Ona görə müxalifəti qeyri-legitim vəziyyətə salmaq üçün zəmin hazırlayırlar. Amma bu tədbirlər iqtidarı xilas etməyəcək.
1911-ci ildə yaradılan Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.
Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. Partiyanın 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultayları İsa Qəmbəri başqan postunda saxlayıb.
2014 və 2019-cu illərin qurultaylarında Arif Hacılı başqanlıq mandatı alıb.
Partiyanın mərkəzi qərargahı Bakının Binəqədi rayonunda, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllədə yerləşir.