Novator.az siyasətçilərin Tofiq Yaqublu şərhlərinə nəzər salıb.
İnzibati həbs cəzası çəkən siyasətçi Tofiq Yaqublu aclıq aksiyası keçirir. Bakıda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb. Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində saxlanan Tofiq Yaqublu yanvarın 5-dən aclığa başlayıb. Siyasətçi aksiyanı həbsinin əsassız olması və saxlanma şəraitinin ağır olması ilə əsaslandırır.
Yanvarın 7-də Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu da evdə aclığa başlayıb. Bir neçə müxalif fəal da yanvarın 8-də aksiyaya qoşulub.
Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, Tofiq Yaqublunun səhhətində ciddi problemlər yaranıb: “Onun həbsi, saxlanma yerində pis rəftarla üzləşməsi hakimiyyətin repressiya və müxalifətçilərə qarşı qisas siyasətinin davamıdır. Tofiq Yaqublunu səhhətində yaranan və yarana biləcək problemləri nəzərə alaraq aclıq aksiyasını dayandırmağa, hakimiyyəti repressiya və qisas siyasətinə son qoymağa çağırıram”.
AXCP sədri Əli Kərimli qeyd edir ki, Tofiq Yaqublu tək özü üçün ədalət istəmir: “Tofiq bəyin tələbi inzibati həbs məntəqəsində saxlanan hər bir şəxsə qanunauyğun münasibətin bərqərar olmasıdır. Məlumatlara görə, təcridxana rəhbərliyi Tofiq bəyin şəxsin özü ilə bağlı bəzi tələbləri qəbul etməyə – ailəsi ilə görüşünə, evdən ona yemək gətirilməsinə razılaşmağa yaxındır. Ancaq Tofiq bəy haqlı olaraq məntəqədə saxlanan hər bir şəxsin hüquqlarına hörmətlə yanaşılmasını tələb edir. Hakimiyyət, Daxili İşlər Nazirliyinin rəhbərliyi inzibati həbs məntəqəsində saxlanan şəxslərə keyfiyyətli yemək verməli, ailə üzvləri ilə görüşlərə və onlara azuqə gətirilməsinə mane olmamalıdır”.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yazır ki, Tofiq Yaqublu cəmiyyətdə birləşdirici fiqurdur: “İnsan hüquqları ilə bağlı problemlərə son qoymaq üçün, demokratik idarəçiliyə əsaslanan hüquqi dövlət qurmaq naminə dirilik və birlik nümayiş etdirməliyik. Başqa çıxış yolumuz yoxdur. Əks təqdirdə Tofiq Yaqublu və onun kimi mübariz, dəyişiklik istəyən azad insanların həyatı həbsdə keçəcək”.
Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranı, Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.
Siyasətçinin qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə, onun həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi 2014-2019-cu illərdə həbsdə olub.
Tofiq Yaqublunun digər qızı, müsavatçı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Tofiq Yaqubluya 30 sutka həbs cəzası verilib