AZƏRTAC-ın 9 yanvar məlumatına görə, azərbaycanlı fəallar Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində etiraz aksiyasını davam etdirir. Əsas tələb Yuxarı Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, Qızılbulaq və Dəmirli yataqlarında monitorinqə icazə verilməsidir.
Şuşaya güclü qar yağdığı, ərazidə şaxtalı havanın hökm sürdüyü bildirilir.
İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” şirkətinin nümayəndələri keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında monitorinq aparmaq istəyir. Rusiya hərbi qüvvələrinin Xocalıdakı qərargahında komandanlıqla 2022-ci il dekabrın 3-də və 7-də keçirilmiş görüşlərdə yataqlara yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunub.
Dekabrın 10-da ermənilər Azərbaycan nümayəndələrinin Qızılbulaq və Dəmirli yataqlarına baş çəkməsini əngəlləyib.
Dekabrın 12-si səhərdən azərbaycanlı fəallar Yuxarı Qarabağdan Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığında oturaq aksiya keçirərək Azərbaycan nümayəndələrinin Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkməsinə şərait yaratmaq tələbi qoyub.
Azərbaycan nümayəndələri dekabrın 16-sı Xocalıda Rusiya hərbi qüvvələrinin komandanlığı ilə daha bir görüş keçirib, ancaq Qızılbulaq və Dəmirli yataqlarında monitorinqə yenə şərait yaradılmayıb.
Dekabrın 28-də Yuxarı Qarabağdakı işğalçı rejim yataqlarda işin müvəqqəti dayandırıldığını, beynəlxalq ekoloji ekspertiza üçün müraciət olunacağını bəyan edib.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.