Yanvarın 9-da fərman imzalayan prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydası”nı təsdiqləyib. Qaydaya görə, dövlət zəmanəti ilə təmin edilən kreditlər bu tələblərə cavab verməlidir: bir sahibkarlıq subyektinin bütün müvəkkil kredit təşkilatları üzrə dövlət zəmanəti verilən cəmi kreditlərinin məbləği 5 milyon manatdan çox olmamalı; kreditin illik faiz dərəcəsi 15 faizdən çox olmamalı; kreditin müddəti 7 ildən çox olmamalı; kredit üzrə güzəşt müddəti kreditin müddətinin yarısından çox olmayaraq, 36 ayadək olmalı; bir kredit üzrə verilən dövlət zəmanətinin kreditə nisbəti 90 faizdən çox olmamalıdır.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.