Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, yanvarın 10-u Bakıda və Abşeron yarımadasında arabir qar gözlənir. Mülayim şimal-şərq küləyinin əsəcəyi, gecə 2-4 dərəcə şaxtanın, gündüz 0 dərəcəyə yaxın temperaturun qeydə alınacağı bildirilir.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir qar, gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 17-22, gündüz 7-12 dərəcə şaxta olacağı ehtimalı var.
Azərbaycanda hava şəraiti yanvarın 8-dən sərtləşib. Milli Hidrometeorologiya Xidmətinin 9 yanvar məlumatına əsasən, qar örtüyünün qalınlığı İsmayıllıda 30, Qubada 20, Lerikdə 15, Yardımlıda 14, Şabranda 13, Sumqayıt, Şəki və Biləsuvarda 8, Qusarda 7, Oğuz, Şahbuz və Daşkəsəndə 5, Qobustanda 4, Sədərəkdə 3, Bakı, Naxçıvan, Göygöl və Naftalanda 2, Bərdə, Göyçay, Astara və Ağdamda 1 santimetrə çatıb, Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək, dağlıq rayonlarda 14-17 dərəcə şaxta, Aran rayonlarında 3 dərəcəyədək şaxta olub.