Bakı İstintaq Təcridxanasında saxlanan ictimai fəal Bəxtiyar Hacıyev yenidən aclıq aksiyasına başlayıb. Xəbəri yanvarın 9-da “Turan” agentliyi yayıb.
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da tutulub. Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 günlük həbs qətimkan tədbiri seçib. Bakı Şəhər Baş Polis İdarəsi fəala xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürüb. İddiaya görə, jurnalist Ülviyyə Alovlu ilə mülki münaqişədə olan Bəxtiyar Hacıyev bu iş üzrə məhkəmə proseslərinin birində dava salıb. Bəxtiyar Hacıyev ittihamları rədd edir, hakimiyyəti mütəmadi tənqid etdiyi üçün siyasi təzyiqə məruz qaldığını deyir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb. Fəal həmin gündən dekabrın 29-dək Bakı İstintaq Təcridxanasında azadlığa buraxılmaq tələbi ilə aclıq aksiyası keçirib.
Fəalın ev dustaqlığına buraxılması üçün də cəhdlər göstərilib. Xətai Rayon Məhkəməsi fəalın ev dustaqlığına buraxılması barədə ilk vəsatətə dekabrın 20-də baxaraq yox cavabı verib, dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb. Dekabrın 29-da Xətai Rayon Məhkəməsi yeni vəsatəti də təmin etməyib. 2023-cü il yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxladığı üçün Bəxtiyar Hacıyev yenidən aclığa başlamağa vadar olub.
Ev dustaqlığı qətimkan tədbiri yaşayış yerini, müəyyən ərazi hüdudlarını tərk etməmək kimi şərtlər nəzərdə tutur.
Bakı Dövlət Universitetinin və ABŞ-ın Harvard Universitetinin məzunu olan 1982-ci il təvəllüdlü Bəxtiyar Hacıyev 2011-2012-ci illərdə hərbi çağırışdan yayınmaq ittihamı ilə həbsdə yatıb.
Bəxtiyar Hacıyevə hansı ittihamlar verilib?
Bəxtiyar Hacıyev prosesi təyin olunub
Bəxtiyar Hacıyev barədə qərar, onun qərarı
Bəxtiyar Hacıyev aclığı davam etdirir
Vəkil Bəxtiyar Hacıyevə baş çəkdi
Bəxtiyar Hacıyevdən köçürülmək istəyi
Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı
Bəxtiyar Hacıyev: yeni proses, Avropa Məhkəməsindən qərar
Bəxtiyar Hacıyev yenə buraxılmadı
Əli Kərimli Bəxtiyar Hacıyevə səslənib