İnzibati həbs cəzası çəkən siyasətçi Tofiq Yaqublu aclıq aksiyasını davam etdirir. Yanvarın 7-də Bakının Binəqədi rayonundakı inzibati həbs məntəqəsinə gedən həyat yoldaşı Maya Yaqublu özünün “Facebook” səhifəsində yazır ki, apardığı sovqatı qəbul etməyiblər, çətinliklə görüş icazəsi alıb: “Görüşləri şüşə arxasından verirlər, danışmaq üçün telefondan istifadə olunur. Ancaq görüş otağındakı telefonlar işləmirdi. Sözsüz ki, bu, rahat danışmağımıza əngəl yaratmaq üçün edilmişdi. Çətinliklə də olsa, cəmi 10 dəqiqə danışa bildik”.
Maya Yaqublu qeyd edir ki, Tofiq Yaqublu çox arıqlayıb, təcridxanada verilən yeməkləri yeyə bilməyib, yalnız peçenye ilə qidalanıb.
Bakıda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.
Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində saxlanan Tofiq Yaqublu yanvarın 5-dən aclığa başlayıb. Siyasətçi aksiyanı həbsinin əsassız olması və ailə üzvlərinin ona baş çəkməsinə, məntəqədə sovqat qəbuluna imkan verilməməsi ilə əsaslandırır.
Həyat yoldaşının səhhətinin ağır olduğunu vurğulayan Maya Yaqublu yanvarın 7-dən evində aclıq aksiyasına başladığını yazır: “Mən həmişə yoldaşıma dayaq olmuşam. Baxmayaraq ki, səhhətimdə ciddi problemlər var, amma mən də bu gündən evimdə aclıq edirəm”.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.
Siyasətçinin qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə, onun həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi 2014-2019-cu illərdə həbsdə olub.
Tofiq Yaqublunun digər qızı, müsavatçı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Siyasətçinin xanımı Maya Yaqublu 2014-cü il yanvarın 21-də qızı Nərgiz və daha iki nəfərlə birgə Şəkidən – Tofiq Yaqublunun məhkəməsindən Bakıya qayıdanda İsmayıllı rayonu ərazisində avtomobil qəzasına uğrayıb, ağır xəsarətlər alaraq çox mürəkkəb tibbi əməliyyatdan keçib.
Tofiq Yaqublu Bakının Qaraçuxur qəsəbəsində yaşayır.
Tofiq Yaqubluya 30 sutka həbs cəzası verilib