Yanvarın 9-u Bakı İnzibati Məhkəməsində 24saat.org saytının Medianın İnkişaf Agentliyinə qarşı iddiası üzrə hazırlıq iclası keçiriləcək. Media hüquqçusu Xalid Ağalıyev yazır ki, sayt 2022-ci ilin sonunda Media Reyestrinə daxil edilməsi üçün müraciətinə mənfi cavab alıb. İmtina saytın fəaliyyətinin davamlı olmaması ilə əsaslandırılıb. Reyestrə daxil olmağın şərtlərindən biri hər iş günü saytda azı 20 özəl materialın yer almasıdır.
24saat.org saytı Bakı İnzibati Məhkəməsinə müraciətdə Medianın İnkişaf Agentliyinin qərarının konstitusiyaya və beynəlxalq müqavilələrə uyğunsuzluğu məsələsini qaldırıb, qurumun üzərinə saytın reyestrə daxil edilməsi vəzifəsinin qoyulmasını istəyib.
Novator.az bildirir ki, 2022-ci il fevralın 8-də qüvvəyə minən “Media haqqında” qanun Media Reyestri tələbi qoyur. Bu işə Medianın İnkişafı Agentliyi məsuldur. 2022-ci il sentyabrın 26-da fərman imzalayan prezident İlham Əliyev Media Reyestrinin aparılması qaydalarını təsdiqləyib, sistem oktyabrın 14-dən işə düşüb. “Media haqqında” qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində Medianın İnkişafı Agentliyinə müraciət etməlidir. Əks halda məhkəmə qarşısında çap mediası və onlayn media subyektinin fəaliyyətinin qanuna uyğunsuzluğu məsələsi qaldırıla bilər.
Medianın İnkişafı Agentliyi 2021-ci il yanvarın 12-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (2009-cu il aprelin 3-dən fəaliyyət göstərib) əsasında publik hüquqi şəxs kimi yaradılıb, həmin gün Əhməd İsmayılov icraçı direktor təyin olunub.