AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli siyasətçi Tofiq Yaqublunun həbsdə aclıq aksiyası keçirməsinə münasibət bildirib.
Bakıda, Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində saxlanan Tofiq Yaqublu yanvarın 5-dən aclığa başlayıb. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan siyasətçi aksiyanı həbsinin əsassız olması və ailə üzvlərinin ona baş çəkməsinə, məntəqədə sovqat qəbuluna imkan verilməməsi ilə əsaslandırır.
Bakıda məhbus ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilmiş 23 dekabr 2022-ci il aksiyasında tutulan Tofiq Yaqublu 30 sutka inzibati həbs cəzası alıb. Səbail Rayon Məhkəməsi onu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 2023-cü il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.
Novator.az-ın məlumatına görə, Əli Kərimli yazır ki, Tofiq Yaqublunun inzibati həbs məntəqəsində aclıq elan etməsi təkcə qanunsuz həbsinə və təcridxanada hüquqlarının pozulmasına, ona qarşı qərəzin davam etməsinə etiraz deyil: “Həm də və daha çox cəmiyyətimizin susqunluğuna etirazdır. Cəmiyyəti siyasi məhbusları daha fəal, daha israrla müdafiə etməyə çağırışdır. Həm də bir nümunədir. O, ən çətin şəraitdə də mübarizənin bir yolunu tapıb davam etməyin, haqsızlıqla, hüquqsuzluqla barışmamağın nümunəsini yaradır. Tofiq Yaqubluya və bütün siyasi məhbuslara azadlıq tələb edirik”.
Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub. 2022-ci il noyabrın 1-də Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.
Tofiq Yaqubluya 30 sutka həbs cəzası verilib