Dövlət Neft Fondunun 2023-cü il büdcəsində 8 milyard 990,9 milyon manat gəlir, 11 milyard 392,3 milyon manat xərc nəzərdə tutulub.
Xərc istiqamətləri belə rəsmiləşib: 2023-cü ilin dövlət büdcəsinə köçürmə – 11 milyard 280 milyon manat; ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması proqramı (2019-2023-cü illər) – 38,5 milyon manat; gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları proqramı (2022-2026-cı illər) – 36,7 milyon manat; fondun idarə edilməsi xərcləri – 37,1 milyon manat.
Fondun investisiya portfeli 45,7 milyard ABŞ dollarına bərabər götürülüb, plana görə, bunun 65 faizi ABŞ dollarında ifadə olunan aktivlərə; 20 faizi avroda ifadə olunan aktivlərə; 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə; 10 faizi digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. 2022-ci il oktyabrın 1-nə qurumun aktivləri 45 milyard 386,4 milyon dollar göstərilib.